...

Parisda Dünya Sosial Biznes Akademiyasının 4-cü toplantısı keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2016 16:17 (UTC +04:00)
Nüfuzlu toplantıda Azərbaycanı İqtisad Universitetinin rektoru və Beynəlxalq Avrasiya Mətbuat Fondu sədri təmsil ediblər.
Parisda Dünya Sosial Biznes Akademiyasının 4-cü toplantısı  keçirilib (FOTO)

Bakı. Trend:

Parisda Dünya Sosial Biznes Akademiyasının 4-cü toplantısı keçirilib. Nüfuzlu toplantıda Azərbaycanı İqtisad Universitetinin rektoru və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri təmsil ediblər.

BAMF-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünyada yoxsulluğun azaldılması, sosial biznesin inkişaf etdirilməsi, ətraf mühitin qorunması prinsiplərinin inkişaf etdirilməsi, dayanıqlı inkişafın nəzəri və praktik tərəflərinin müzakirəsi məqsədi ilə 30-dan çox ölkənin ( ABŞ, İngiltərə, Yaponiya, Çin, İspaniya, Hindistan, Rusiya, Fransa, Almaniya, Banqladeş, Malayziya, Azərbaycan, İtaliya və.s) 300 nəfərdən çox akademik şəxsləri, vətəndaş cəmiyyəti, tanınmış biznes strukturlarının nümayəndələri, fəallar Paris HEC-də bir araya gəlib.

Noyabrın 9-da öz işinə başlayan beynəlxalq konfrans Yunus Sosial Biznes Mərkəzi və 1881-ci ildə Fransa Parlamenti tərəfindən əsası qoyulmuş, Avropanın ikinci akademik biznes mərkəzi olan Paris HEC tərəfindən reallaşdırılıb. Tədbirdə Azərbaycan Yunus Sosial Biznes Mərkəzinin həmtəsisçiləri Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev iştirak edir.

BAMF sədri Umud Mirzəyevin məlumatına görə, konfransın gedişində sosial sahibkarlıq, sosial iqtisadiyyat, korporativ sosial məsuliyyət, sosial təsirli investisiyalar, sosial maliyyələşmələr, sosial biznes metodologiyasının tədqiqi və öyrənilməsi, rəngarəng sosial yanaşmalar sayəsində sosial biznesin vahid konsepsiyası, inkişaf etmiş ölkələrdə sosial biznes konsepsiyalarının öyrənilməsi, yeni texnologiyaların tətbiqi vasitəsi ilə dünyada yoxsulluğa və bərabərsizliyə qarşı mübarizə, dünya sərvətlərinin bir neçə şəxsin əlində cəmləşməsinin qarşısının alınması, davamlı inkişaf, iqlim dəyikliyi və ətraf mühitin dayanıqlı prinsiplər əsasında qurulması, BMT-nin Dayanıqlı İnkişaf hədəflərinin təmin edilməsi istiqamətində müzakirələr aparmaq üçün tanınmış universitetlər, qeyri hökumət təşkilatları, filantrop qurumlar, biznes strukturlarının rəhbərləri bir araya gəlib. Tədbiri giriş sözü ilə açan Nobel Sülh Mükafatı laureatı prof. Məhəmmdə Yunus qaçqın və məcburi köçkün həyatının, yoxsulluğun, müharibələrin və fəlakətlərin durmadan artdığı bir dünyada sosial biznes konsepsiyasının bu günkü qədər aktual olmadığını bildirib. O, konsepsiyanın gücləndirilməsi və inkişaf etdirilməsi üçün dövlət-vətəndaş cəmiyyəti-akademik institutlar və sahibkarlıq subyektlərinin bir çevrədə fəaliyyətinin zəruriliyini ifadə edib.

Konfrans gününün ikinci yarısında Kaliforniya (ABŞ), La Trobe (Avstraliya) , Renmin (Çin), Kyuşu (Yaponiya), UNEC (Azərbaycan), Technology Petronaş (Malayziya), Kasertsard (Tailand) universitetlərində Beyker (ABŞ) , Kings Kolleclərində, Oksford Maliyyə və Sosial Biznes Məktəbində (Böyük Britaniya), EADA Biznes Məktəbində (İspaniya) yaradılmış Sosial Biznes Mərkəzlərinin fəaliyyətləri təqdim edilib.

Ə.Muradovun Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, ölkə rəhbərinin bu sahədə apardığı siyasət, ölkədə fəaliyyət göstərən dövlət- vətəndaş cəmiyyəti- akademik müəssisələr eləcə də sahibkarlıq subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, sosial-iqtisadi proqramların elmi nəzəri aspektləri barədə məlumatı olduqca maraqla qarşılanıb. Prof. Ədalət Muradov Azərbaycanda korporativ sosial məsuliyyət, sosial biznes və sosial müdafiə sahəsində elmi-nəzəri yanaşmaların, akademik araşdırmaların, yoxsulluğun azaldılması sahəsində fəaliyyətin ölkə prezidentinin xüsusi diqqətində olduğunu və prioritet təşkil etdiyini bildirib.

BAMF sədri Umud Mirzəyev və UNEC rektoru prof. Ədalət Muradovun Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla bir saata yaxın görüşləri baş tutub. Görüş zamanı Umud Mirzəyev, Məhəmməd Yunusun BAMF-ın dəvəti ilə bu ilin iyun ayında Azərbaycana səfərinin ölkə üçün əhəmiyyətinə toxunaraq, bu səfərin nəinki ölkəmizdə, hətta regionda ciddi rezonans doğurduğunu ifadə edib. Onun mikromaliyyə və sosial biznes sahəsində təkliflərinin ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını və Bakıda təşkil olunan müzakirələrdən yaranan fikirlərin reallıqda tətbiqi üçün ciddi işlərin aparıldığını bildirib.

Məhəmməd Yunus Bakının bu günkü inkişafından, ölkədə sosial-iqtisadi sahədə görülən işlərdən məmnun qaldığını bildirib. Görüş zamanı növbəti Sosial Biznes Akademiyanın UNEC-də təşkil edilməsi, sosial biznes fəlsəfəsinin ERASMUS proqramına daxil edilməsi və bu sahədə Məhəmməd Yunusun elmi yazılarının, müsahibələrinin Azərbaycanda nəşr edilməsi təklifləri müsbət qarşılanıb. Qeyd edək ki, konfrans müxtəlif ölkələrdə fəaliyyət göstərən Sosial Biznes Mərkəzlərinin fəaliyyətinin stiumullaşdırılması, təcrübə mübadiləsi, sosial biznesin sadə insanların həyatında tətbiqinin araşdırılması baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus bu ilin iyun ayının 18-dən 21-dək Bakıda səfərdə olub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü, ADA və İqtisad Universitetlərinin birgə təşkilatçılığı ilə baş tutan səfər zamanı nüfuzlu ictimai xadim, sosial biznes və mikrokreditin atası adlandırılan Məhəmməd Yunus ölkəmizdə bir sıra vacib görüşlər keçirmişdir. O ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat Nazirliyində, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də yüksək səviyyəli görüşlər keçirib, Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı peşəkar təkliflər verib.

Səfər zamanı həmçinin dünya şöhrətli ictimai xadimin iştirakı ilə BAMF-ın qərargahında, onun Azərbaycan dilinə tərcümə edilən “Kasıbların bankiri” (The Banker to the Poor) kitabının təqdimat mərasimi keçirilib, Məhəmməd Yunus İqtisad və ADA universitetlərində geniş auditoriya qarşısında çıxışlar edib və nəhayət məhz onun iştirakı ilə regionda ilk dəfə olaraq, Bakıda, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), BAMF və Yunus Mərkəzi arasında imzalanan üçtərəfli memorandum əsasında yaradılan Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub. Mərkəz hal hazırda UNEC-də fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti