...

İki yaşayış məntəqəsinin içməli su təchizatı yaxşılaşdırılıb (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2016 15:48 (UTC +04:00)
Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb.
İki yaşayış məntəqəsinin içməli su təchizatı yaxşılaşdırılıb   (FOTO)

Bakı. Trend:

Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kəndlərə içməli suyun verilməsi mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Millət vəkili Musa Qasımlı mürəkkəb relyef şəraitində yerləşən kəndlərin içməli su probleminin həll edilməsini mühüm hadisə adlandıraraq belə layihələrin sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olduğunu vurğulayıb.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat vermiş və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Prezidenti İlham Əliyevin istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərini içməli su ilə təmin etmək üçün 3,6 km magistral su xətti çəkilmiş, 50 kubmetr tutumu olan su anbarı quraşdırılmış, hər bir ev təsərrüfatına birləşmə verilib. Layihənin icrası nəticəsində bu kəndlərdə 1500-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb”.

Ümumilikdə layihə çərçivəsində Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolocaq, Horoni, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Sineyir mənbəyi seçilib. Su mənbəyində sugötürücü qurğu inşa edilmiş, buradan yaşayış məntəqələrinə qədər 30,6 km uzunluğunda magistral kəmər çəkilib, su anbarları tikilib.

2015-ci ildə Vərgədüz, Osnakəran, Bürzünbül, Bilnə, 2016-cı ildə Vərov, Yolocaq və Horoni kəndlərinə suyun verilməsi təmin edilib, ümumilikdə 8000-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti