...

İstinad divarı uçan məktəbdə uçqun təhlükəsi varmı? - RƏSMİ CAVAB

Cəmiyyət Materials 15 Noyabr 2016 14:35 (UTC +04:00)
Binəqədi rayonunda 205 saylı orta məktəbin həyətində istinad divarının uçmasından sonra uçqun prosesi məktəb binasına doğru irəliləməyib və təhsil müəssisəsi ilə bağlı hər hansı problem yaranmayıb.
İstinad divarı uçan məktəbdə uçqun təhlükəsi varmı? - RƏSMİ CAVAB

Bakı. İlhamə İsabalayeva - Trend:

Binəqədi rayonunda 205 saylı orta məktəbin həyətində istinad divarının uçmasından sonra uçqun prosesi məktəb binasına doğru irəliləməyib və təhsil müəssisəsi ilə bağlı hər hansı problem yaranmayıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, məktəbdən 25-30 metr kənarda yerləşən, uzunluğu 70-80, hündürlüyü 2,5 metr olan istinad divarı uçub: “Amma bu, məktəb üçün problem yaratmayıb. Çünki istinad divarının arxasındakı uçan, yəni atmosfer yağıntılarından doyan həmin hissə tökmə torpaq qatı olan qruntdur. Həmin yer də nəmliyə meyillidir, qalan hissə isə köklü süxurlardır. Güman edirəm ki, orada uçqun prosesinin baş verməsi mümkün deyil”.

R.Həsənov əlavə edib ki, istinad divarının uçmasına səbəb atmosfer yağıntıları nəticəsində həmin divarın arxasındakı tökmə torpaq qatının nəm kütlə halına gələrək divara təzyiq göstərməsi olub.

R.Həsənov bildirib ki, aparılan son monitorinqlərin nəticələrinə görə, əsasən atmosfer yağıntılarının təsirindən Bakı və Abşeron yarımadasındakı bir çox sürüşmə sahələrində aktivləşmə müşahidə edilib, Masazırda - Mirzə İbrahimov küçəsində uçqun prosesi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti