...

Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq davam edir (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2016 18:11 (UTC +04:00)
Noyabrın 10-11-də Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv dövlətlərin və Tərəflərin Assambleyasının 5-ci illik sessiyası keçirilib.
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq davam edir   (FOTO)

Bakı. Trend:

Noyabrın 10-11-də Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv dövlətlərin və Tərəflərin Assambleyasının 5-ci illik sessiyası keçirilib.

Baş prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Akademiyaya tərəf olan 70 dövlət və beynəlxalq təşkilatdan 250 nəfər nümayəndənin iştirak etdiyi Assambleyanın açılışında IACA-nın İdarə Heyətinin sədri Eduardo Vetere və Akademiyanın dekanı və icraçı direktoru Martin Kreutner çıxış edərək Akademiyanın inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş uğurlar və gələcək planlar barədə ətraflı məlumat veriblər.

Sessiyada çıxış edən nümayəndə heyətinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən qanunvericilik və institusional islahatlar, əldə edilmiş nailiyyətlər, o cümlədən cinayət təqibi tədbirləri, habelə korrupsiyanın qarşısının alınması sahəsində ən unikal institusional təşəbbüslərdən biri kimi Azərbaycan brendi olan “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanın Akademiya ilə qarşılıqlı əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nümayəndə heyətinin rəhbəri qurumun Assambleyasının 3-cü sessiyasının Bakıda keçirilməklə Azərbaycan Respublikası Baş prokurorunun Assambleyanın sədri vəzifəsinə seçilməsinin, Milli Məclisin deputatı Vüsal Hüseynovun hazırda Akademiyanın İdarə Heyətinin üzvü olmasının, habelə Azərbaycan Respublikasının nümayəndələrinin Akademiyanın magistr kursları və yay məktəbi proqramlarından mütəmadi olaraq faydalanmasının qarşılıqlı əlaqələrin inkişafına ciddi təkan verdiyini qeyd edib.

Tədbirdə təşkilati məsələlər müzakirə edilmiş, qurumun rəhbər orqanlarına seçkilər həyata keçirilib.

İclasda Argentinaın Avstriyadakı səfiri Mariano Qrosso Beynəlxalq Antikorrupsiya Akademiyasının Tərəflərin Assambleyasının 5-ci sessiyasının sədri seçilib.

Azərbaycan ilə Akademiya arasında qarşılıqlı münasibətlər, habelə ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələr nəzərə alınmaqla Azərbaycan nümayəndə heyətinin rəhbəri Assambleyanın 5-ci sessiyasının sədrin müavini vəzifəsinə seçilmiş, habelə sessiyanın aparılması ona həvalə olunub.

Akademiyanın Assambleyasının növbəti 6-cı illik sessiyasının 2017-ci ildə Misirdə keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Akademiyanın rəhbərliyi, habelə bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. Akademiyanın rəhbər vəzifəli şəxsləri ilə görüş zamanı IACA-nın magistr kursu üzrə modullardan birinin növbəti sessiyasının Bakı şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sessiya çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, bukletlər və statistik məlumatlar tədbir iştirakçılarına təqdim edilib.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti