...

BANM-in əcnəbi tələbəsi: Azərbaycan doğma vətənimdir

Cəmiyyət Materials 16 Noyabr 2016 10:41 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) əcnəbi tələbəsi, Neft-qaz mühəndisliyi ixtisası üzrə II kursda təhsil alan Entoni-Mario Suaresin müsahibəsi.
BANM-in əcnəbi tələbəsi: Azərbaycan doğma vətənimdir

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) əcnəbi tələbəsi, Neft-qaz mühəndisliyi ixtisası üzrə II kursda təhsil alan Entoni-Mario Suaresin müsahibəsi.

- Entoni, neçə ildir Azərbaycandasınız? Ölkəmiz haqqında nə deyə bilərsiniz?

- 20 ildir Azərbaycanda yaşayıram. Sentyabrın 3-ü 1996-ci ildə Bakıda anadan olmuşam. Bakı çox gözəl bir şəhərdir. Bu şəhər demək olar ki, meqapolisə çevrilməkdədir. Alov qüllələri, Dövlət Bayrağı Meydanı, “Crystal Hall”, Heydər Əliyev Mərkəzi müasir Bakımızın rəmzlərinə çevrilib. Azərbaycan xalqının çox qonaqpərvər və mehriban xalq olduğunu da xüsusilə vurğulamaq istərdim. Bir sözlə, Azərbaycan mənim doğma vətənimdir deyə bilərəm.

- Niyə məhz BANM-i seçdiniz?

- Mən 4 il Bakı Oksford Məktəbində oxumuşam və bu 4 il ərzində dərslər ingilis dilində keçirilirdi. Məktəbi bitirdikdən sonra təhsilimi İngiltərədə davam etdirdim. 1 il hazırlıq proqramı oxuduqdan sonra Azərbaycana qayıtdım. Azərbaycanda belə bir ali təhsil müəssisəsi olduğunu öyrəndim və İngiltərədə oxumaq əvəzinə BANM-ə daxil olmağı seçdim.

- Bir müddətdir ki, dərslər başlayıb. Sizin üçün burada oxumaq çətin deyil ki?

- Əvvəl fikirləşirdim ki, BANM-də oxumaq çətin olmayacaq, çünki mən orta məktəbdə ingilis dilində təhsil almışam və burada da dərslər ingilis dilində keçirilir. Amma indi görürəm ki, oxumaq həqiqətən də çətindir. Bununla belə, bilirəm ki, əvvəl oxumaq həmişə çətin olur, amma zaman keçdikcə insan bu çətinliyə də alışır və asan olur.

- Çətinlik çəkəndə Ali Məktəbi seçdiyinizə peşiman olmadınız ki?

- Əlbəttə xeyr. Fikrimcə, insan peşiman olmaq yerinə verdiyi qərarda qətiyyətli olmalı və bu istəyində müvəffəq olması üçün var gücü ilə çalışmalıdır.

- Ən böyük arzunuz nədir?

- Mənim ən böyük arzum yüksək ixtisaslı mühəndis olmaq və valideynlərim üçün dəstək olmaqdır. BANM-də təhsilin ingilis dilində olması, eləcə də proqramların beynəlxalq standartlara cavab verməsinin mənim bu arzumun reallaşmasında böyük rolu olacaqdır.

- Hobbiniz varmı və əgər varsa hansılardır?

- Əlbəttə, var. Basketbol, futbol, cüdo kimi idman növləri ilə məşğul olmaq əsas hobbilərimdəndir.

- Başqa hansı maraqlarınız var?

- Dünya ədəbiyyatını oxuyuram və dünya tarixinı öyrənməyə həvəsim var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti