...

İtaliyalı tədqiqatçı: Multikulturalizm Azərbaycanın dövlət siyasəti və xalqının həyat tərzidir

Cəmiyyət Materials 16 Noyabr 2016 11:25 (UTC +04:00)
Beynəlxalq Multikulturalizm Şəbəkəsinin İtaliyadakı nümayəndəsi, Padova Universitetinin tədqiqatçısı Dr. Asessio Stilonun http://foreignpolicynews.org/ saytında – “Multikulturalizm hələ də yaşayır” başlıqlı məqaləsi dərc edilib.
İtaliyalı tədqiqatçı: Multikulturalizm Azərbaycanın dövlət siyasəti və xalqının həyat tərzidir

Bakı. Trend:

Beynəlxalq Multikulturalizm Şəbəkəsinin İtaliyadakı nümayəndəsi, Padova Universitetinin tədqiqatçısı Dr. Asessio Stilonun http://foreignpolicynews.org/ saytında – “Multikulturalizm hələ də yaşayır” başlıqlı məqaləsi dərc edilib. Məqalədə Azərbaycan tarixən tolerantlığı, eləcə də etnik və mədəni rəngarəngliyi ilə seçilən bir ölkə, atəşpərəstliyin vətəni, Qafqazda xristianlığın ilk məskəni, İslam dininin yayıldığı və müxtəlif etnik qrupların sülh şəraitində birlikdə yaşadıqları məkan kimi təqdim olunur.

Müəllif yazır ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti və Azərbaycan xalqının həyat tərzinə çevrilib. Prezident İlham Əliyevin 2016-cı il 10 yanvar tarixli sərəncamı ilə cari il “Multikulturalizm ili” elan edildiyini qeydc edən müəllif yazır: "Bu siyasətin həyata keçirilməsi ilə bağlı sərəncamın qəbul edilməsi bir daha göstərir ki, Azərbaycan tolerantlıq və sivilizasiyalararası dialoq ənənələrinə mühüm töhfə verir. Multikulturalizm Şərqi Avropa və Qərbi Asiyanın qovşağında, müxtəlif dinlərin və xalqların birgə yaşadığı Azərbaycan Respublikasında xarici siyasətin mühüm strateji amilinə çevrilib. Qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, ölkə rəhbərliyi multikulturalizm və tolerantlıq ənənələrinin daha da möhkəmlənməsi və inkişaf etdirilməsi üçün zəruri siyasi və sosial şərait yaradıb. Tarixən, bir çox etnik və dini qrupların nümayəndələri Səfəvilər dövründən başlayaraq, XIX-XX əsrlərdə,eyni zamanda Sovet Sosialist Respublikalar İttifaqı illərində də birgə yaşayıblar".

Məqalədə qeyd olunur ki, müasir Azərbaycan 1918-ci ildə müsəlman ölkələri arasında ilk demokratik Respublika, 1919-cu ildə isə qadınlara ilk səsvermə hüququ verən və müxtəlif mədəniyyətlər arasında birgəyaşayışın modeli olan dövlətdir. 743-cü ilə aid dünyanın ən qədim məscidlərindən biri qədim Azərbaycanın Şamaxı şəhərində yerləşir. Şəkidəki Qafqaz Albaniyasında ən qədim Kilsə, Bakının yaxınlığında yerləşən Zərdüştlük məbədi də qeyd edilməlidir. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri tarixən Azərbaycanda məskunlaşıb və Azərbaycan müxtəlif dinlər arasında birgəyaşayış modeli hesab edilir.
Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş müsəlman və qeyri-müsəlman icmaları fəaliyyət göstərir. Jen Mironosets kilsəsinin binası (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmişdir) 1991-ci ildə Rusiya Pravoslav Kilsəsinə verilib . 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə kilsə statusu vermişdir. Hazırda Bakıda 3 ,Gəncədə və Xaçmazda bir Rus Provaslav Kilsəsi fəaliyyət göstərir. Katolik icması 1999-cu ildə qeydiyyatdan keçib. Dini mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş bina 2000-ci ildə kilsə kimi fəaliyyətə başlayıb. Roma katolik kilsəsi Azərbaycan hökuməti və Vatikan arasında razılaşmaya əsasən 2007-ci ildə Bakıda inşa edilmişdir. 2500-ci ildən uzun müddətdə Azərbaycanda məskunlaşmış yəhudilər burada heç vaxt dini dözümsüzlük və ya ayrı seçkiliyə məruz qalmamışlar. Hazırda altı yəhudi icması qeydiyyatdan keçib və ölkədə 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycan dünya mədəni irsinə töhfə verir. Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasəti səviyyəsində inkişafı ölkənin qədim dövlətçilik tarixi və ənənələrin inkişafına əsaslanır. Hazırda bu sahədə həyata keçirilən siyasət Azərbaycan Respublikasının Konstitusiyası, hüquqi aktlar, fərmanlar və sərəncamlarda öz əksini tapmışdır. Bu konsepsiyanın həyata keçirilməsi ilə əlaqədər, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində qeyd edilir ki, hər kəsin hər hansı dini seçmək, etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək və dinə münasibətini bildirmək hüququ vardır. Bundan başqa, “Dini etiqad azadlığı” haqqında qanuna (1992-ci il) əsasən hər kəsin öz dini etiqadını və əqidəsini ifadə etmək (nümayiş etdirmək) hüququ var. Konstitusiyanın 18-ci maddəsinin bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Qeyd olunan qanunvericilik aktları Azərbaycanın həm de-yure həm də de-fakto dünyəvi dövlət olduğunu göstərir".

Müəllif həmçinin yazır ki, dövlət büdcəsi və Prezident fondunun maliyyə dəstəyi nəticəsində ölkədə çox sayda milli-mədəni mərkəzlər fəaliyyət göstərir: "Onlar arasında “Birlik cəmiyyəti”, Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail cəmiyyəti, kürd mədəniyyət mərkəzi-“Ronai", "Samur" ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-Tatar icması, "Tuqan-tel" tatar mədəniyyət cəmiyyəti, "Yaşlıq" tatar mədəniyyət mərkəzi, Krım tatarları cəmiyyəti “Krım”, gürcü icması, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət mərkəzi, Axısxa türklərinin «Vətən» cəmiyyəti, Axısxa türk qadınlarının «Sona» cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, Gürcü yəhudi icması, Yəhudilərin qadın humanitar assosiasiyası, “Kapelhaus” alman mədəniyyət icması, Udin mədəniyyət mərkəzi, Polyak mədəniyyət mərkəzi “Polonia”, Beynəlxalq Talış assosiasiyası “Mada”, “Avesta” Talış assosiasiyası, Udin mədəniyyət mərkəzi “Orain”, “Buduq” mədəniyyət mərkəzi, Saxur mədəniyyət mərkəzlərinin adlarını qeyd etmək olar. Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Eyni zamanda, dövlət milli azlıqların dilində jurnal, radio və televiziya proqramları üçün də imkanlar yaradır.
Bakı Beynəlxalq Humanitar Forumundan başlayaraq son illərdə çoxsaylı beynəlxalq tədbirlər keçirilir. 2011-ci ildən paytaxt Bakıda keçirilən forumun məqsədi aktual qlobal humanitar problemlərin elm və mədəniyyət xadimləri tərəfindən müzakirəsi üçün beynəlxalq platforma yaratmaqdır. Bakı Beynəlxalq Humanitar Forumunda dövlət, ictimai xadimlər, görkəmli alimlər, o cümlədən 13 Nobel mükafatı laureatı, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər fəxri qonaqlar iştirak etmişlər. BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO ilə əməkdaşlıq etməklə 2011-ci ildən Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. "Bakı prosesi" kimi tanınan bu təşəbbüs sayəsində Azərbaycan mədəniyyətlərarası dialoq və inkluziv əlaqələr üçün şərait yaratma gücünü təsdiq edən ölkə kimi tanınır. Eyni zamanda Bakı 2015 ilk Avropa oyunları keçirilib və 2017-ci ildə bu şəhər İslam Həmrəylik oyunlarına ev sahibliyi edəcək".

Daha sonra məqalədə qeyd olunur ki, müxtəlif mədəniyyət və dinlərə mənsub insanlar arasında qarşılıqlı hörmət, dini ekstremizmin aradan qaldırılması, mədəni müxtəlifliklərə dəstək və inkluziv cəmiyyətlərdə birgəyaşayış məqsədini daşıyan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu cari ilin 25-27 aprel ayında Bakıda keçirilib: "2014-cü ildə ölkədə etnik, dini və mədəni müxtəlifliyin qorunması məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanın multikulturalizm modelini dünyaya tanıdılması, mövcud multikultural modeli təşviq etmək və bu sahədə tədqiqatlar aparmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin önəmli layihələrindən biri də “Azərbaycan Multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədris edilməsidir. Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində Roma Sapienza Universiteti, Praqada Charles Universiteti, İsveçrə Friburg Universiteti və Rusiya, Gürcüstan və İndoneziyanın yüksək reytinqli universitetlərində bu fənn tədris edilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən multikulturalizm ili çərçivəsində Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri və praktiki biliklərini dərinləşdirmək istəyən tələbə və tədqiqatçılar üçün hər il Yay və Qış Məktəbi təşkil olunur. 2016-cı il oktyabr ayında Bakıda səfərdə olan Roma Papası Fransis Prezident İlham Əliyevlə rəsmi görüşündən sonra Azərbaycanı dini tolerant ölkə kimi qiymətləndirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti