...

Əflatun Amaşov: Bu tədbirlər Azərbaycan KİV-i ilə dünya media vasitələrinin əlaqələrini möhkəmləndirir

Cəmiyyət Materials 16 Noyabr 2016 11:50 (UTC +04:00)
Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.
Əflatun Amaşov: Bu tədbirlər Azərbaycan KİV-i ilə dünya media vasitələrinin əlaqələrini möhkəmləndirir

Bakı. Elçin Mehdiyev – Trend:

Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, dünyanın aparıcı informasiya agentliklərinin rəhbərlərinin Azərbaycana gəlmələri, burada həyata keçirilən yenilikləri görmələri onların rəhbərlik etdiyi agentliklərdə ölkəmizlə bağlı daha dolğun məlumatların yayılmasını əsaslandırır:

“Belə tədbirləri keçirməklə Azərbaycan mediası beynəlxalq mediaya daha çox inteqrasiya olunur. Bu cür tədbirlər Azərbaycan kütləvi informasiya vasitələri ilə dünya media vasitələrinin əlaqələrini də möhkəmləndirir, qarşılıqlı münasibətlər, əməkdaşlıqlar yaranır”.

Ə.Amaşov bildirib ki, belə tədbirlərdə dünyada baş verən hadisələrə nəzər salınır:

“Tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar, medianın vəziyyəti barədə dolğun məlumat verdi. Tədbirdə iştirak edən nümayəndələrin Azərbaycan haqqında məlumatları birbaşa Prezidentin çıxışından əldə etməsi, bu kimi tədbirləri biz və iştirakçılar üçün əhəmiyyətli edir”.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti