...

Beynəlxalq Tolerantlıq Günü ilə bağlı silsilə tədbirlər keçirilib

Cəmiyyət Materials 16 Noyabr 2016 14:39 (UTC +04:00)
Sivilizasiyaların qovuşduğu, şərq və qərb mədəniyyətlərinin çuğlaşdığı Azərbaycanda daim müxtəlifliyə, fərqliliyə hörmət, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanlara eyni isti münasibət, eyni rəğbət olub.
Beynəlxalq Tolerantlıq Günü ilə bağlı silsilə tədbirlər keçirilib

Bakı. Trend:

Sivilizasiyaların qovuşduğu, şərq və qərb mədəniyyətlərinin çuğlaşdığı Azərbaycanda daim müxtəlifliyə, fərqliliyə hörmət, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanlara eyni isti münasibət, eyni rəğbət olub. Bu, özünü xalqımızın əsrlərdən gələn ədəbiyyat nümunələrində, bədii və fəlsəfi fikir tarixində də göstərir.

Məişətimiz, həyatımız çoxmədəniyyətlilik, müxtəliflik, tolerantlıq prinsipləri üzərində kök atdıqca multikulturalizm dövlətimizin başlıca siyasi prioritetlərindən birinə çevrilib. Bu yolun əsasını isə Azərbaycan multikulturalizminin siyasi banisi Ümummilli lider Heydər Əliyev qoyub. Müstəqilliyin ilk illərində Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçərək öz siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə, siyasət müstəvisinə keçirib. Ulu Öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi.

Bu müdrik addım indi də Ulu Öndərin siyasətinin məntiqi davamı olaraq ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə öz töhfələrini verir. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ölkəmizdəki bütün xalqların qədimdən multikultural ənənələrin hakim olduğu mühitdə mehriban yaşadığını bir daha sübut edir.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkə ərazisində silsilə tədbirlər keçirilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayevin tapşırığına əsasən, noyabrın 5-dən 17-dək bir sıra idarə, müəssisə və təşkilatlarda “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda mühazirələr keçirilib. Ölkənin müxtəlif bölgələri əhatə olunmaqla mühazirələr 49 şəhər və rayonun Heydər Əliyev Mərkəzlərində, 5 Gənclər Mərkəzi, YAP Rayon Təşkilatı və Mədəniyyət Evində, bir sıra elm və təhsil müəssisələrində, eləcə də Rus Pravoslav kilsəsində (ümumilikdə 69 idarə və təşkilatda) keçirilib.

Müxtəlif xalqların, etnik qrupların nümayəndələrindən ibarət auditoriya qarşısında 14 Millət vəkili, AMEA-nın 12 alim və tədqiqatçısı, ali məktəblərin 27 professor və dosenti, 27 elm, təhsil və mədəniyyət işçisi, tanınmış ziyalılar çıxış etmişlər. Mühazirəçilərdən 2 nəfəri akademik, 4 nəfəri elmlər doktoru, professor, 36 nəfəri fəlsəfə doktoru, dosentdir.
Tədbirlərdə tolerantlıq anlayışı, tolerant mühiti formalaşdıran amillər, tarixən Azərbaycan ərazisində mövcud olan birgəyaşayış qaydaları barədə ətraflı məlumat verilib. Bir daha bildirilib ki, Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına eyni qayğı ilə yanaşılıb. Buna ölkəmizdə milli, irqi və dini zəmində münaqişələrin, qarşıdurmaların olmaması da əyani sübutdur.

Akademik Möhsün Nağısoylu Ağsu rayonunun Heydər Əliyev Mərkəzində, akademik Vasim Məmmədəliyev Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində, Milli Məclisin üzvləri Sona Əliyeva Şəmkir Bilik evində, Aydın Mirzəzadə Səbail Rayon İcra Hakimiyyətində, Qənirə Paşayeva Tovuz rayonunun, Rəfail Cəbrayılov Nizami rayonunun, Fuad Muradov Xətai rayonunun, Mixail Zabelin Qaradağ rayonunun, Elşad Həsənov Yasamal rayonunun Heydər Əliyev mərkəzlərində, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Nardaran Bilik evində yerli əhali ilə görüşüblər.

AMEA-nın alimləri Mətləb Mahmudov Tərtər rayonunun, İlham Məmmədzadə Sumqayıt şəhərinin, Elsevər Səmədov Ucar rayonunun, Radif Mustafayev Yardımlı rayonunun, Nazim Əliyev Neftçala rayonunun, Sənan Həsənov Göyçay rayonunun Heydər Əliyev mərkəzlərində Beynəlxalq Tolerantlıq Günü ilə bağlı mühazirələr deyiblər.
İnteraktiv formada keçən mühazirələrdə etnik qrupların nümayəndələri, yeniyetmələr və gənclər, yerli ziyalılar iştirak ediblər.

Beynəlxalq Tolerantlıq Günü ərəfəsində bütün ölkə ərazisində aparılan sistemli maarifləndirici tədbirlər müxtəlif təbəqələrə mənsub insanları, ayrı-ayrı xalqların nümayəndələrini, Azərbaycanda yayılan bütün dinlərin daşıyıcılarını azərbaycançılıq ideologiyası ətrafında bir daha sıx birləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti