...

İrəvan xanlığının tarixinə dair nəşrin təqdimatı keçirilib

Cəmiyyət Materials 24 Noyabr 2016 12:29 (UTC +04:00)
Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib.
İrəvan xanlığının tarixinə dair nəşrin təqdimatı keçirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, müəllifləri Dövlət mükafatına layiq görülən “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyasının Azərbaycan, ingilis və rus dilində versiyalarının təqdimatı da ilk olaraq, bu kitabxanada keçirilib.

Onun sözlərinə görə, bu gün artıq Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan İrəvan xanlığının tarixi keçmişinə və mədəni irsinə həsr edilmiş yeni nəşrlər təqdim edilir:

"Həmin nəşrlərdən ikisinin - “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” bröşürlərinin müəllifi Nazim Mustafa həm Prezident Kitabxanasının, həm də Tarix İnstitutunun əməkdaşıdır. Həmin bröşürlərin yazılmasında kitabxanamızda erməni dilində olan ədəbiyyatdan geniş istifadə edilib. Digər ikisinin müəllifi tanınmış tarixçi alim Güntəkin Nəcəflidir. Arzu edirəm ki, Tarix İnstitutu bundan sonra da İrəvan xanlığının sosial-iqtisadi, mədəni həyatının digər mühüm istiqamətlərini özündə əks etdirən kiçikhəcmli bröşürlər hazırlayıb nəşr etdirsin. Hesab edirəm ki, bu bröşürlərin diplomatik korpuslar və Azərbaycan diasporunun təmsilçilərinin vasitəsilə xarici ölkələrdə yayılması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynayacaq”.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, müasir Ermənistanın ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub:

“Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımlar dövrü başlandı".

“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” adlı kitabın müəllifi Nazim Mustafa bildirib ki, ermənilər İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərini daim saxtalaşdırmağa cəhd edirlər. Onun sözlərinə görə, ermənilər İrəvanı qədim şəhər kimi təqdim etməyə çalışsalar da, bununla bağlı real faktlar tapa bilmirlər.

N.Mustafa bildirib ki, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” adlı kitabda Azərbaycan xalqına məxsus olan və erməni vandalları tərəfindən dağıdılan nadir memarlıq abidələrinin – qədim İrəvan məscidlərinin acı taleyindən bəhs olunur:

"Əsərdə qeyd olunur ki, erməni rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Hazırda isə Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər”.

Müəllif deyib ki, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” adlı kitabda İrəvan rəsmilərinin xaricdən gələn qonaqlara göstərmək üçün “qədim paytaxtlarında” bir dənə də olsa, yaşı 200 ildən yuxarı olan tarixi abidə tapa bilmədikləri qeyd edilib.

Tarixçi-alim Güntəkin Nəcəfli deyib ki, onun müəllifi olduğu "İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” adlı əsərində 400 ildən artıq tarixə malik olan, dəfələrlə yadelli yürüşlərinə sinə gərmiş, XIX əsrin I yarısında Azərbaycan xalqının çar Rusiyası işğalçılarına qarşı apardığı şanlı mübarizə mərkəzlərindən birinin – İrəvan qalasının qəhrəmancasına müdafiəsindən bəhs olunur. Bu kitab İrəvan qalası müdafiəçilərinin əziz xatirəsinə həsr olunub: "İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən XVI əsrin əvvəllərində tikdirilib".

G.Nəcəfli müəllifi olduğu “Çuxursəd hakimləri və İrəvan xanları” adlı əsərdə qeyd edilir ki, qədim Azərbaycan torpağı olan müasir Ermənistanın ərazisi orta əsrlərdə Çuxursəd vilayəti adlanırdı: “Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının – Qaraqoyunlu, Ağqoyunlu, Rumlu, Ustaclı, Əfşar, Qacar tayfasının nümayəndələri olan xanlar idarə etmişlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti