...

Şahid: "Məndən 35 min manat alıb Akif Çovdarova verdilər" (YENİLƏNİB)

Cəmiyyət Materials 28 Noyabr 2016 17:10 (UTC +04:00)
Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam edib.
Şahid: "Məndən 35 min manat alıb Akif Çovdarova verdilər" (YENİLƏNİB)

İlk xəbər saat 13:55-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam edib.

Trend-in məlumatına görə, prosesdə A.Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə bildirib ki, şahid qismində Taryel Əliyev dindirilib. O, ifadəsində zərərçəkmiş Şahmar Qurbanovun ondan 10 min manat pul alıb vermədiyini deyib.

Günün ikinci yarısında davam etdirilən prosesdə bildirilib ki, zərərçəkmiş, "Moda" mağazasının sahibi Əbil Vəzirov dünyasını dəyişib. Daha sonra həmin epizod üzrə ifadə verən şahid Fuad Ələkbərov bildirib ki, Ə.Vəzirov ondan sağ ikən 35 min manat alıb və MTN-ə verib.

Ə.Vəzirovun hüquqi varisi Şərəf Vəzirova isə xəstə olduğu üçün məhkəməyə gəlməyib.

İttiham aktında qeyd edilib ki, Ə.Vəzirov A.Çovdarovun göstərişi ilə 2009-cu il oktyabrın 17-də MTN əməkdaşları tərəfindən tutularaq nazirliyin inzibati binasına gətirilib. Orada Ə.Vəzirova hədə-qorxu gələrək Mişa adlı şəxsə qanunsuz əntiq əşya satdığını etiraf etməsi tələb olunub. Bundan sonra Ə.Vəzirovu təxminən 10 saatdan artıq orada saxlayıb, ondan 200 min ABŞ dolları gətirməsini, əks halda onu da Mişa kimi həbs edəcəkləri ilə hədələyiblər. Razılığa əsasən, Ə.Vəzirov ümumilikdə 80 min ABŞ dolları məbləğində vəsait gətirərək şəxsən MTN-də A.Çovdarova verib.

Proses noyabrın 30-na təyin edilib.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı sentyabrın 5-də baxılmaq üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti