...

"Azəriqaz": Bu itkilər abonentlərə daha keyfiyyətli xidmət göstərilməsini mümkünsüz edirdi

Cəmiyyət Materials 29 Noyabr 2016 13:57 (UTC +04:00)
“Azəriqaz” İB ciddi itkilərə məruz qalıb, istehsalat və paylayıcı şəbəkə üzrə xərclərin artması nəticəsində maliyyə çatışmazlıqları ilə üzləşib.
"Azəriqaz": Bu itkilər abonentlərə daha keyfiyyətli xidmət göstərilməsini mümkünsüz edirdi

Bakı. Maksim Tsurkov - Trend:

"Son illərdə aparılan qazlaşdırma işləri nəticəsində Azərbaycanda təbii qaz abonentlərinin sayı üç dəfəyə yaxın artaraq təqribən iki milyon nəfərə çatıb. 2016-ci ilə qədər qüvvədə olan tariflərə əsasən, ölkə daxilində təbii qazdan əldə edilən mənfəət ən aşağı səviyyədə müəyyən edilib".

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyindən (İB) bildirilib.

Qurumdan qeyd ediblər ki, 2016-ci il ərzində “Azəriqaz” İB ciddi itkilərə məruz qalıb, istehsalat və paylayıcı şəbəkə üzrə xərclərin artması nəticəsində maliyyə çatışmazlıqları ilə üzləşib:

"Bu vəziyyətin əsas səbəblərindən biri də budur ki, ölkədə satılan təbii qazın müəyyən hissəsi hasilatın pay bölgüsü sazişlərinə əsasən əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır və sabit tarif əsasında Azərbaycan manatı ifadəsi ilə istehlakçılara satılırdı. Bu itkilər abonentlərə daha keyfiyyətli xidmətlərin təklif olunması üçün planlaşdırılan yenidənqurma, təmir-bərpa və s. kimi işlərin davamlılığını və bütövlüklə “Azəriqaz” İB-nin davamlı fəaliyyətini mümkünsüz edirdi. Bu səbəbdən Tarif (qiymət) Şurasının təbii qaz tariflərinə yenidən baxılmasına zərurət yaranıb".

İB Tarif Şurasının qərarı ilə bu dəfə diferensial (şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsini özü-özlüyündə təqdirəlayiq hesab edir:

"Hazırkı tarif mexanizmi aztəminatlı ailələr və əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir. Ümid edirik ki, diferensial mexanizm bununla yanaşı daha qənaətli istehlak rejiminə sövq etməklə, istehlak mədəniyyətində səmərəlilik və təhlükəsizliyin artmasına, habelə ətraf mühitimizin qorunmasına töhfə verəcək".

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti