...

Tarif Şurasının qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir

Cəmiyyət Materials 29 Noyabr 2016 15:00 (UTC +04:00)
Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanlarını nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
Tarif Şurasının qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir

Bakı. Samir Əli - Trend:

Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov Tarif (qiymət) Şurasının son qərarına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Tarif (qiymət) Şurası bu qərarı qəbul etməmişdən əvvəl təhlilləri nəzərə alaraq müəyyən araşdırmalar aparıb:

"Aparılan bu təhlillərdən sonra belə bir addım atılıb. 2016-cı il bütün dünya üçün, həmçinin Azərbaycan üçün çox mürəkkəb illərdən biridir. Neftin qiymətinin azalması ilə bağlı iqtisadi çətinliklər yaranır. Biz dünyanın tərkib hissəsiyik, ondan təcrid oluna bilmərik. Bu məsələ istehlakçıların vəziyyətinə təsirsiz qalmır. Amma, eyni zamanda reallıqlar da var".

E.Nəsirov bildirib ki, Tarif (qiymət) Şurasının bu qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir və bu addım zəruridir.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti