...

Tahir Rzayev: Tarif Şurasının qərarı aztəminatlı ailələrə o qədər də ziyan vurmur

Cəmiyyət Materials 29 Noyabr 2016 15:13 (UTC +04:00)
Tarif (qiymət) Şurasının sonuncu qərarı aztəminatlı ailələrə o qədər də ziyan vurmur.
Tahir Rzayev: Tarif Şurasının qərarı aztəminatlı ailələrə o qədər də ziyan vurmur

Bakı. Elçin Mehdiyev - Trend:

Tarif (qiymət) Şurasının sonuncu qərarı aztəminatlı ailələrə o qədər də ziyan vurmur. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, bu qərar daha böyük obyekti, yaşayış sahələri olan insanlar üçün nəzərdə tutulub: "Əgər kimin imkanı varsa, elektrik enerjisi və qazı çox işlədirsə, həmin şəxslər çox ödəsin. Böyük villaları, bağ evləri olanlar üçün bu qiymət tətbiq olunacaq. Aztəminatlı ailələr istifadə etdikləri 250 kilovat-saat elektrik enerjisi və 1500 kubmetr qaza görə köhnə tariflərlə pul ödəyəcək. Əgər aztəminatlı ailə də nəzərdə tutulandan artıq istifadə etsə, onda çox ödəməlidir".

T.Rzayev deyib ki, Azərbaycanda istehlakçılar arasında israfçılığa çox yol verilir: "Küçələrə çıxırsan, nə qədər işıq yanır, rayonlara gedirsən, səhər açılıb, amma qapıda işıqlar yanır, küçələrdə işıqlar yanır. Ümumiyyətlə, qənaət olunmalıdır. Yox, əgər kiminsə doğrudan da imkanı varsa, artıq enerji istifadə etmək istəyirsə, əlavə pul ödəməlidir. Bu, tam düzgün qərardır. Normadan artıq enerji istifadə edirsənsə, ona görə əlavə pul ödəməlisən".

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti