...

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib

Cəmiyyət Materials 1 Dekabr 2016 11:58 (UTC +04:00)
Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti iclası keçirilib.
Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Şuranın üzvləri və Azərbaycandakı dini konfessiya rəhbərləri iştirak ediblər.

Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə son dövrlərdə görülmüş tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib. Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Qafqaz müftilərinə çatdıran A.Paşazadə ümumqafqaz əhəmiyyətli dini-mənəvi məsələlər barədə fikirlərini bölüşüb. A.Paşazadə bu il avqustun 27-də Qroznı şəhərində Çeçenistanın məhrum prezidenti Əhməd Kadırovun anadan olmasının 65 illiyinə həsr olunmuş beynəlxalq konfransda Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilən, İslam dünyasının tanınmış din xadimləri və alimlərinin iştirak etdiyi, Misir, İordaniya və digər müsəlman ölkələrin nüfuzlu üləmalarının, habelə MDB ölkələrindən ümumən 150-dək qonağın təşrif buyurduğu beynəlxalq konfransın işində iştirakı və məruzəsi barədə Şura üzvlərini məlumatlandırıb.

A.Paşazadə oktyabrın 5-də Çeçenistanın prezidenti seçilmiş Ramzan Kadırovun andiçmə mərasimində Qafqaz müsəlmanlarının dini lideri kimi iştirakı barədə də məlumat verib. Qafqaz müsəlmanları, o cümlədən Azərbaycan xalqı adından yenidən Çeçenistanın prezidenti seçilmiş R.Kadırovu səmimi qəlbdən təbrik etdiyini bildirən Şeyxülislam A.Paşazadə onu sabiq prezident Ə.Kadırovun siyasi və mənəvi yolunun layiqli davamçısı kimi görməkdən məmnun olduğunu, uğurlarına hər zaman sevindiyini diqqətə çatdırıb. A.Paşazadə Qroznıya səfəri çərçivəsində Şimali Qafqaz Müftilərini Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev və digər müftilərlə görüşünü, orada müzakirə etdikləri məqamları xatırladıb.

Qafqaz Xalqları Ali Dini Şurasının sədri bu ilin mart ayında iştirak etdiyi Şimali Osetiya-Alaniya müsəlmanlarının qurultayı, Qaraçay-Çərkəz müsəlmanlarının IX hesabat-seçki qurultayı, Kabardin-Balkar müsəlmanlarının VII qurultayını xatırladıb və müfti vəzifəsinə yenidən yekdilliklə seçilmiş Hacımurat Qatsalovu, İsmayıl Berdiyev və Həzrətəli Dzasejevi Şura adından bir daha təbrik edib. A.Paşazadə bu səfərləri çərçivəsində keçirilmiş Şuranın işçi iclasları barədə də məlumat verib.

Qafqaz Xalqları Ali Dini Şurasının sədri Çeçenistanın yeni müftisi Salah Mejiyevin Şuraya üzv seçilməsi məsələsini səsə qoyub. S.Mejiyev yekdilliklə Şuranın üzvü kimi təsdiqlənib.

A.Paşazadə Rusiya Federasiyasının Qafqazdakı subyekt rəhbərləri ilə ünsiyyət və görüşləri, habelə Moskva və bütün Rusiya patriarxı Kirilin 70 illik yubileyi çərçivəsində Rus Pravoslav Kilsəsi rəhbəri ilə keçirdiyi görüşlər və iştirakçısı olduğu təntənəli mərasimlər, habelə Roma Papası Fransiskin Azərbaycana səfəri zamanı onunla görüşü barədə Şura üzvlərinə məlumat verib. Sonra Şimali Qafqaz müftiləri ilə bərabər görülmüş işlərin hesabatını dinləyib, həyata keçirilməsi qarşıda duran məsələləri müzakirə edib. Bölgədə və dünyada baş verən proseslərin fonunda din xadimlərinin vəzifələri və Şimali Qafqazın din xadimlərinin xalqları və dövlətlərinin mənafeləri naminə üzərilərinə düşən məsuliyyət və vəzifələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qafqaz Xalqları Ali Dini Şurasının sədri A.Paşazadə Rusiya, İran və Azərbaycan prezidentlərinin bu il Bakıda keçirilmiş üçtərəfli görüşünün regional və qlobal problemlərin həllinə böyük töhfə verdiyini diqqətə çatdıraraq, din xadimlərinin də hər üç ölkədə görüşlər keçirməsinin dost, qonşu xalqlar və dövlətlərin mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Bu xüsusda, A.Paşazadə bu gün Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" beynəlxalq konfransının davamı olaraq, İran hökumətinin dəvəti ilə 3-6 dekabr tarixlərində bu ölkəyə səfər və orada “Qafqazda İslam” dini konfransının da təşkil edilməsi barədə məlumat verib. O bildirib ki, səfər çərçivəsində Şura üzvlərinin Tehran, Məşhəd və Qum şəhərlərində ali dövlət və din xadimləri ilə görüşləri nəzərdə tutulur.

A.Paşazadə Şura üzvlərinə Prezident İlham Əliyevin Azərbaycanda elan etdiyi "Multikulturalizm ili" çərçivəsində Böyük Britaniyaya, İspaniya Krallığına, İsveç Krallığına, İordaniya Haşimilər Krallığına Al əl-Beyt Akademiyasının həqiqi üzvü kimi etdiyi səfərlər barədə də məlumat verib.

İclasda söz alan Şimali Qafqaz Müftilərini Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İ.Berdiyev Qafqazın dini-mənəvi həyatına dair bütün məsələlərin həllində A.Paşazadənin müdrik ağsaqqal mövqeyinə hər zaman ehtiyac olduğunu xüsusi vurğulayıb.

Sonra Şuranın digər üzvləri çıxış ediblər.

A.Paşazadənin rəhbərliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Fəxri xiyabanda olub, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti