...

"Nardaran işi"ndə təqsirləndirilən şəxslər vəkillərdən imtina ediblər (YENİLƏNİB)

Cəmiyyət Materials 2 Dekabr 2016 17:45 (UTC +04:00)
Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Nardaran işi"ndə təqsirləndirilən şəxslər vəkillərdən imtina ediblər (YENİLƏNİB)

İlk xəbər saat 12:28-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkilləri iştirak etmədiyi üçün hakim prosesi günün ikinci yarısına təyin edib.

Günün ikinci yarısında davam edən prosesdə təqsirləndirilən şəxslər iştirak etməyib.

Hakim Əlövsət Abbasov deyib ki, məhkəmə nə vaxt qərar versə, təqsirləndirilən şəxslər də həmin vaxt iclasda iştirak edəcəklər.

Hakim bildirib ki, bir neçə şahid və ölən polislərin nümayəndələri məhkəməyə teleqram vuraraq iclasda iştirak etmək istəmədiklərini bildiriblər. Buna görə də məhkəmə onların dindirilmələrinə ehtiyac olmadığı barədə qərar qəbul edib.

Bundan sonra iclasda təqsirləndirilən şəxslərlə vəkillərin məsləhətləşmələri üçün fasilə elan edilib.

Fasilədən sonra vəkillər bildirib ki, təqsirləndirilən şəxslər onlardan imtina ediblər.

İclas dekabrın 12-də davam edəcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri - Rasim Cəbrayılov, Zakir Mustafayev, Cabbar Cabbarov, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev, Abbas Tağızadə və Abbas Hüseynov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti