...

Xızı-Altıağac yolunun sürüşən hissəsində təmir dayandırıldı

Cəmiyyət Materials 5 Dekabr 2016 12:55 (UTC +04:00)
Xızı-Altıağac avtomobil yolunun sürüşmə olan ərazisində təmir işləri dayandırılıb.
Xızı-Altıağac yolunun sürüşən hissəsində təmir dayandırıldı

Bakı. Samir Əli - Trend:

Xızı-Altıağac avtomobil yolunun sürüşmə olan ərazisində təmir işləri dayandırılıb. Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, yolun həmin ərazisindəki tikinti və yenidənqurma işləri dayandırılıb:

"Həmin hissədə sürüşmə aktiv fazadadır. Bunun üçün də o hissədə kompleks tədbirlər görülməlidir. Sürüşmənin qarşısını almaq üçün orada istinad divarları, svaylar və digər mühəndis qurğularının inşası nəzərdə tutulur. Ona görə də həmin hissədə tikinti işləri dayandırılıb. Bu həm də yolda avtomobillərin hərəkətinin dayanmaması məqsədilə edilib".

A.Nəcəfli bildirib ki, Xızı-Altıağac avtomobil yolunun qalan hissəsində yenidənqurma işləri davam etdirilir.

Xatırladaq ki, noyabrın 30-da Xızı-Altıağac avtomobil yolunda baş vermiş sürüşmə yolun 11-ci km-də 700 metr məsafəni, 3-cü km-də isə 250 metr məsafəni əhatə edib. Yolda baş verən sürüşmənin qarşısını almaq üçün tədbirlər görülüb və avtomobillərin maneəsiz hərəkəti bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti