...

Azərbaycan Bolqarıstan paytaxtında xeyriyyə bazarına qatılıb (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2016 19:37 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada təşkil olunan xeyriyyə bazarında iştirak edib.
Azərbaycan Bolqarıstan paytaxtında xeyriyyə bazarına qatılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada təşkil olunan xeyriyyə bazarında iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, hər il dekabr ayında Sofiyada Beynəlxalq Qadınlar Klubu (BQK) tərəfindən xeyriyyə bazarı (Charity Bazaar) təşkil olunur. Xeyriyyə bazarı iştirakçı ölkələrə öz mədəniyyət və adət-ənənələrini – musiqi, folklor, milli mətbəx, libas, ədəbiyyat və əl işlərini nümayiş etdirməyə imkan verir.

1989-cu ildə yaradılan Klub Bolqarıstanda diplomatik və biznes dairələrdə fəaliyyət göstərən xarici qadınları bir araya gətirib. Klub tərəfindən ötən il təşkil olunmuş 21-ci xeyriyyə bazarında 49 ölkə təmsil olunmaqla 70 stend nümayiş olunub və 350 000 leva vəsait əldə edilib.

BQK tərəfindən təşkil edilən builki xeyriyyə bazarı Bolqarıstanda əhatə dairəsinə, iştirakçıların sayına və nüfuzuna görə seçilir. Tədbirdə Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərlə yanaşı, müxtəlif assosiasiyalar, fondlar və şirkətlərin nümayəndələri də iştirak edir. 22-ci xeyriyyə bazarında 50-dən artıq ölkə təmsil olunmaqla 80 stend nümayiş olunmuşdur. Tədbirdə Almaniya, Avstriya, Türkiyə, ABŞ, Rusiya, Skandinaviya ölkələri, Belçika, İndoneziya, Yaponiya, Çin, Misir və s. ölkələr iştirak ediblər.

Xeyriyyə məqsədi daşıyan bazardan əldə olunan vəsaitlər Klubun Bolqarıstanda xeyriyyə məqsədli layihələrinə sərf olunur.

Azərbaycanın Bolqarıstandakı səfirliyi son beş ildə ilk dəfə iştirak etdiyi bazarda milli mətbəximizin ləziz nümunələri, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimləri, ölkəmizin turizm potensialını nümayiş etdirib.

Tədbirdə Azərbaycan guşəsi ziyarətçilər tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətləri və turizminə həsr edilmiş maraqlı jurnal və broşürlar bazar iştirakçılarının böyük marağına səbəb olub.

Tədbir iştirakçılarının əksəriyyəti daha əvvəllər Azərbaycanın paytaxtı Bakıya səfər etdiklərini, Bakı haqqında xoş təəssüratlarını xatırladaraq, Bakı, Azərbaycana həsr olunmuş rəngarəng suvenirləri əldə ediblər. Səfirlik tərəfindən təqdim olunmuş Azərbaycanın ləziz milli mətbəx nümunələri də qonaqların zövqünü oxşayıb.

Tədbir zamanı Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyasında (BNT) canlı yayımlanan “Gün Qeorqi Livanov ilə başlayır” verilişinə və “Focus” xəbər agentliyinə müsahibə verib.

Satışdan əldə olunan vəsait Bolqarıstanda kövrək təbəqələrdən olan insanlara yardım məqsədilə səfirlik tərəfindən tədbirin təşkilatçısı olan Beynəlxalq Qadınlar Klubuna təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti