...

"Sarılar - Qarabağ atının izi ilə" filmi Bilik Fondunda nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2016 17:51 (UTC +04:00)
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı üzrə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Bilik Fondunun birgə təşkilatçılığı ilə yerli filmlərin nümayişinə başlanıb.
"Sarılar - Qarabağ atının izi ilə" filmi Bilik Fondunda nümayiş olunub (FOTO)

Bakı. Trend:

Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı üzrə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Bilik Fondunun birgə təşkilatçılığı ilə yerli filmlərin nümayişinə başlanıb.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, məqsəd mədəniyyətlərin dialoqu şəraitində Azərbaycan mədəni irsinin təbliği, tarixi sənədli və bədii filmlərin nümayişi və müzakirəsinin təşkilidir.

Bu silsilədən ilkin olaraq dekabrın bu gün Bilik Fondunda “Sarılar - Qarabağ atının izi ilə” sənədli filmi nümayiş olunub.

Tədbirdə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan xarici ölkə vətəndaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində olan Pedaqoji Kollecin tələbələri, Bilik Fondunun Könüllülər Birliyinin üzvləri, alimlər, media nümayəndələri iştirak ediblər.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev əhalinin maarifləndirməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mədəniyyət amilinin böyük rolu olduğunu deyib. Bildirib ki, Fondun maarifləndirici layihələri təkcə Azərbaycan tarixi, ədəbiyyatı, müxtəlif elm sahələri ilə bağlı tədbirlərin, mühazirə və konfransların keçirilməsi ilə məhdudlaşmır, həm də mütəmadi olaraq, ayrı-ayrı məkanlarda mədəni-kütləvi tədbirlər təşkil olunur.

Filmin icraçı prodüseri Nadir Əliyev Qarabağ atlarını Azərbaycanın sərvəti kimi dəyərləndirərək belə tədbirlərin mədəni irsimizin təbliğində faydasından danışıb.
Nümayişdən sonra tarix elmləri doktoru, professor Həcər Verdiyeva filmdə işıqlandırılan tarixi məqamların sənədli üslubda geniş kütlələrə çatdırılmasının Azərbaycan tarixinin təbliği və tanıdılmasında vacib addım olduğunu vurğulayıb. Sonra nümayişdə iştirak edən xarici ölkə vətəndaşları filmdən aldıqları təəssüratları bölüşüblər.

“Sarılar - Qarabağ atının izi ilə” sənədli filmi Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycanın sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “Studio Tor 1” Filmproduktion tərəfindən istehsal edilib.

Çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan “Sarılar - Qarabağ atının izi ilə” sənədli filminin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti