...

“Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2016 19:24 (UTC +04:00)
Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq” mövzusunda konfrans keçirilib.
“Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq” mövzusunda konfrans keçirilib.

İlk öncə tədbir iştirakçıları Heydər Əliyevin adını daşıyan Mərkəzdə Ulu Öndərin büstünü ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov, millət vəkili Mixail Zabelin, Bakı DövLət Universitetinin professoru, tarix elmləri doktoru Anar İskəndərov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə ilk öncə ulu öndərin keçdiyi zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan S.Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Bildirib ki, Ulu öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğulayıb.

E.Nəsirov öz nitqində Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açıb. O parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirib.

M.Zabelin müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu bildirib. Qeyd edib ki, regionun ən sabit ölkəsi olaraq müstəqil daxili və xarici siyasət yürüdürük. Bu gün ölkəmiz, Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.

A.İskəndərov Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə bütün sədləri yararaq və qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğulayıb.

Ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

Yekun nitqində rayon İcra hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazıb, yaratdığını və bu tarixin yaşadığını bildirib. Qeyd edib ki, dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth edib: "Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimidir. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi".

Sonda S.Mikayılov qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirərək, konfransı yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti