...

Fenomenal “Take 6” Heydər Əliyev Mərkəzinin səhnəsində a kapellanın hədsiz imkanlarını sərgiləyib (FOTO/VİDEO)

Cəmiyyət Materials 9 Dekabr 2016 14:53 (UTC +04:00)
Take 6” vokal sekstetinin Heydər Əliyev Mərkəzindəki konserti caz həvəskarlarının və ümumiyyətlə, yaxşı musiqi sevənlərin qaçıra bilmədiyi unikal hadisə olub.
Fenomenal “Take 6” Heydər Əliyev Mərkəzinin səhnəsində a kapellanın hədsiz imkanlarını sərgiləyib (FOTO/VİDEO)

Bakı. Vüqar İmanov – Trend:

Amerikanın ən titullu qospel və caz qrupu, 10 qat Qremmi mükafatı sahibi və 18 dəfə nominantı olmuş, eləcə də digər mükafatlar əldə etmiş “Take 6” vokal sekstetinin Heydər Əliyev Mərkəzindəki konserti caz həvəskarlarının və ümumiyyətlə, yaxşı musiqi sevənlərin qaçıra bilmədiyi unikal hadisə olub.

“Gəlin bu dağı tərpədək!” şüarı altında yaradıcılıqla məşğul olan qrupun hər bir yeni layihəsi möhtəşəm hadisəyə çevrilir. Çünki “Take 6” Alabamadan olan istedadlı və fenomenal ifaçıların tamaşaçıları və musiqi tənqidçilərini valeh edən qüsursuz vokalı harmonik çoxsəsliliyi və improvizasiya azadlığı deməkdir. Onların adı ilə müasir a kapella anlayışı təsəvvür olunur. Bu, şöhrətlə, azadlıqla və bitməz-tükənməz optimizmlə əzizlənmiş Klod Maknayt, Mark Kibl, Coui Kibl, Deyv Tomas, Elvin Çeya və Kristian Dentlidir. Bəli, bütün bunlara sahib olmaqla doğrudan da dağları yerindən tərpətmək olar!

Onların bütün albomları - debüt albomundan başlayaraq caz və pop musiqi dünyasında böyük hadisəyə çevrilib və milyonluq tirajlarla satılıb. Onların yüzlərlə qastrol marşrutu isə Yer kürəsini dövrə vurub. Nəhayət, onlar Bakıya gəldilər və burada çox maraqlı və bir neçə janrın sintezindən ibarət konsert proqramı təqdim etdilər.

Bu inanılmaz görünür, amma Alabamadan olan 6 oğlan artıq 36 (!) ildir sübut edirlər ki, onlara müşayiətedici musiqiçiər lazım deyil. Hər kəsin nəfəsini tutaraq dinlədiyi, qulaq asdığı musiqi üçün onlarda lazım olan istedad doğuşdan mövcuddur.

“Take 6” a kapella çıxışlarını Blue Note mahnıları ilə başladı. Konsertin gedişində tamaşaçılar dünyada məşhur olan hitlərdən həzz aldılar. Çarli Çaplinin “Smile”, Piter Qebrielin, Stinqin kompozisiyaları Spread Love, Wade In The Water, All Blues, Just In Time, Lamb Of God, My Friend, We Don't Have To Cry kimi mahnılar axşamın bəzəyinə çevrildi. Konsert boyunca qrup bütün musiqiləri - ritm, müşayiət, bas partiyaları və bütün melodiyanı öz səsləri ilə ifa edirdilər.

Musiqiçilərin ustalığı vokal aparatının hədsiz imkanları ilə hər kəsi heyran edirdi. Barabanlar, kontrabas, saksafon – hər şey onların səsindədir! Musiqini bütünlüklə əhatə edən altı səs, altı ideal alət. Sekstetin unikal səsləri təmiz harmoniyada birləşmişdi və qospel, caz, R&B və soulun fantastik birləşməsində təcəssüm olunurdu. Əbəs yerə deyil ki, Kvinsi Cons, Ella Fitscerald, Rey Çarlz, Stiv Uander və Uitni Hyuston onları “planetin xariqüladə vokalçıları” adlandırırdı.

Xəbər lenti

Xəbər lenti