...

Nardaranda dini radikalizmin təhlükəsi ilə bağlı ilk tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2016 11:25 (UTC +04:00)
Nardaranda “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Nardaranda dini radikalizmin təhlükəsi ilə bağlı ilk tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması tərəfindən “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşları Amal Məlikov və Novruz Nuriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, hüquq-mühafizə orqanlarının əməkdaşları, “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan dini icmanın sədri və axundu Musa Qasımov belə tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Sonra çıxış edən C.Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən tədbirlərdən, bu istiqamətdə din xadimlərinin üzərinə düşən mühüm vəzifələrdən söhbət açıb.

A.Kazımov dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edib. Natiq ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Tədbirdə sonra çıxış edən C.Əliyev layihənin mövzusu ilə bağlı ətraflı məlumat verib. C.Əliyev dini radikalizmin qlobal təhlükə olduğunu qeyd edərək, cəmiyyətimizin bu təhlükədən qorunması üçün təhsilə xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb.

Ə.Teymurov “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu M.Qasımov və dindarlar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti