...

Buraxılış imtahanlarının 1-ci mərhələsində mənfi qiymət alanlar 2-ci mərhələyə də buraxılacaq

Cəmiyyət Materials 14 Dekabr 2016 11:34 (UTC +04:00)
Bu il 9-cu sinif üzrə buraxılış imtahanlarının 1-ci mərhələsində mənfi qiymət alan şagirdlər 2-ci mərhələyə də buraxılacaqlar.
Buraxılış imtahanlarının 1-ci mərhələsində mənfi qiymət alanlar 2-ci mərhələyə də buraxılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il 9-cu sinif üzrə buraxılış imtahanlarının 1-ci mərhələsində mənfi qiymət alan şagirdlər 2-ci mərhələyə də buraxılacaqlar.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar keçirdiyi brifinqdə deyib.

M.Abbaszadə əlavə edib ki, 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. IX sinif üzrə buraxılış imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə təşkil olunacaq.

M.Abbaszadə qeyd edib ki, birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.

Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

M.Abbaszadə bildirib ki, bu il 9-cu sinifdə oxuyan şagirdlər kurrikulumla təhsil aldıqlarından onların biliyi yeni formada qiymətləndirilməli idi: "2013-cü ildən başlayaraq, orta məktəblərdə 5-8-ci sinif şagirdləri arasında monitorinq imtahanları keçirilib. Bu imtahanların nəticələrinə əsasən, yazı işlərinin yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Qəbul edilən yeni mexanizm yeni bir metod olaraq, 4 ildir ki, respublikada qiymətləndirilmə sahəsində tətbiq edilir".

M.Abbaszadənin sözlərinə görə, Azərbaycanda bu ildən başlayaraq, buraxılış imtahanlarına hazırlaşan IX sinif şagirdləri üçün də onlayn sınaq imtahanları keçiriləcək.

Artıq IX sinif buraxılış imtahanlarının I mərhələsinə dair sınaq imtahanlarına qeydiyyat aparılır. Şagirdlər imtahan.az saytında qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti