...

Sofiyada Azərbaycanın multikulturalizm ənənələrinə həsr olunan sərgi və "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2016 10:02 (UTC +04:00)
Sofiyada “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” mövzusunda foto-sərgi və "dəyirmi masa" təşkil olunub.
Sofiyada Azərbaycanın multikulturalizm ənənələrinə həsr olunan sərgi və "dəyirmi masa" keçirilib (FOTO)

Bakı. Trend:

Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” mövzusunda foto-sərgi və "dəyirmi masa" təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgidə Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklər, Bolqarıstanın Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, Xalq Məclisinin üzvləri, Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun üzvləri, Bolqarıstan Elmlər Akademiyasının nümayəndələri, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin müəllim və tələbə heyəti, KİV nümayəndələri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri iştirak ediblər.

Sərginin açılışında Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru Anastas Qerdjikov, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Deyana Danailova və Elmlər Akademiyasının Mədəni-tarixi irs və milli identiklik istiqamətinin elmi katibi Yohanna Spassova, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev çıxış edib.

Səfir N.Qurbanova 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan olunduğunu, bu vacib qərarın yalnız zəngin mədəni müxtəlifliyin qeyd olunması və Azərbaycanın sülh şəraitində birgə yaşayışın uğurlu modeli kimi təqdim edilməsi ilə bağlı deyil, həmçinin multikulturalizm dəyərlərinin təbliği ilə əlaqədar qlobal səylərə töhfənin verilməsi baxımından qəbul olunduğunu söyləyib.

Multikultiralizm ili çərçivəsində il ərzində Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlərin keçirildiyini qeyd edən səfir cari ilin aprel ayında ölkəmizin ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu xatırladıb. O əlavə edib ki, Forumda qəbul olunan Bakı Bəyannaməsinin ölkələr və beynəlxalq təşkilatlar üçün mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə əməkdaşlığın artırılması baxımından bələdçi rolunu oynayır. Səfir davam edib ki, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti ilə multukulturalizm fənni seçmə fənn olaraq universitetin tədris proqramına daxil edilib.

Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin qarşılıqlı anlaşma və sülh mühitində yaşadığı yer olduğunu bildirən səfir multikulturalizm ənənələrinin Azərbaycanda nəsildən nəslə ötürüldüyünü vurğulayıb. N.Qurbanova həmçinin müsəlman dünyasında ilk dünyəvi dövlətin 1918-ci ildə Azərbaycanda yaradıldığını, 1919-cu ildə qadınlara səs vermək hüququ verən Azərbaycan Demokratik Respublikasının müxtəlif dinlərin və xalqların nümayəndələrini sülh şəraitində birgə yaşayış üçün bütün zəruri şərtlərlə təmin etdiyini söyləyib.

Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq digər dinlərin nümayəndələrinin sərbəst şəkildə etiqad etdiyini vurğulayan səfir pravoslav və katolik kilsələri, yəhudi sinaqoqları, atəşpərəstlərin məbədlərinin multikultural irsin parlaq nümunələri olduğunu əlavə edib. O davam edib ki, hazırda Azərbaycanda 27 qeyri-İslam dini icması mövcuddur, 13 kilsə və 7 sinaqoq sərbəst şəkildə fəaliyyət göstərir.

E.ə. 4-cü əsrdən b.e. 705-ci ilədək Cənubi Qafqazın şərq hissəsində mövcud olan Qafqaz Albaniyasında yaşayan əcdadlarımızın İslamdan öncə atəşpərəst və daha sonra xristian olduğunu vurğulayan səfir bu dövlət haqqında iştirakçılara qısa məlumat verib.
Sərginin açılışında çıxış edən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru A.Qerdjikov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni səhədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Rektor hazırda dünyada baş verən münaqişələr və artmaqda olan anti-semitizm fonunda, Azərbaycanda bütün xalqların sülh şəraitində birgə yaşamalarının təqdirəlayiq olduğunu qeyd edib.

Bolqarıstanın Mədəniyyət Nazirliyinin nümayəndəsi D.Danailova mədəni müxtəlifliyin Avropa və dünya üçün yeni anlayış olmadığını, hal-hazırda irqçilik və ksenofobiya meyllərinin gücləndiyini, bunun müxtəlif mədəniyyətlər arasında təmasların qurulmasına maneə törətdiyini diqqətə çatdırıb. O, belə bir şəraitdə plüralizm və tolerantlığın heç zaman olmadığı qədər vacib olduğunu, əsas məqsədin müxtəlif xalqlar, irqlər və dinlər arasında qarşılıq hörmət və anlaşma olduğunu əlavə edib.

Bolqarıstan Elmlər Akademiyasının nümayəndəsi Akademiyanın yeni seçilmiş prezidenti Yulian Revalski tərəfindən tədbir iştirakçılarına ünvanlanan müraciəti çatdırıb. Müraciətdə deyilir, “Avropa və Asiyanın kəsişməsində, şərqdən və qərbdən müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkanda yerləşən Qafqaz Albaniyasının mədəni ənənələri müasir Azərbaycana miras qalmışdır. Hazırki kütləvi miqrasiya axınları multikulturalizmə mənfi və müsbət meyllər gətirir.

Multikultural mübadilə məsələləri müasir dövrdə xüsusilə aktualdır. Bu mübadilə müxtəlif faktorlar – yeni informasiya və kommunikasiya texnologiyaları, sosial şəbəkələrin genişlənməsi və s. sayəsində daha da sürətlənir. Bir regiona və ya mədəniyyətə xas olan siyasi, ideoloji, dini və mədəni tendensiyalar qloballaşaraq digər cəmiyyətlərə yayılır.
Mədəniyyətləarası dialoq və elmin müxtəlif sahələrində mübadilə ilə bağlı cari çətinliklərin aradan qaldırılmasında elmin və alimlərin rolunu düzgün qiymətləndirmək lazımdır. Bu baxımdan bolqar elmi ictimaiyyəti ilə Azərbaycan tədqiqatçıları arasında son illər daha da artan intensiv əlaqələri xüsusilə qeyd etmək lazımdır. Bu əlaqələr nəticəsində 2011-ci ildə Bolqarıstan Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi tədqiqatlar, birgə elmi layihələr, alimlərin mübadiləsi, birgə konfransların, simpoziumların keçirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanmışdır”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi S.Xuduyev 2016-ci ilin Azərbaycanda multikultalizm ili elan oldunduğunu, bu çərçivədə ölkədə, eləcə də xaricdə çoxsaylı tədbirlərin təşkil edildiyini diqqətə çatdıraraq sərgi iştirakçılarına təmsil etdiyi qurum tərəfindən görülən işlər barədə məlumat verib. Sərginin ardınca baş tutan "dəyirmi masa"da Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin “Yeni və müasir tarix” kafedrasının rəhbəri professor Kostadin Qrozevin moderatorluğu ilə əsas mühazirəçilər qismində çıxış edən Bolqarıstan Milli Elmlər Akademiyasının Cəmiyyətlərin Öyrənilməsi və Bilik İnstitutunun “Din, inanclar və dünyagörüşü” bölməsinin rəhbəri professor Stefan Penov, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin “Tarix və mədəniyyətin nəzəriyyəsi” kafedrasının dosenti Tsvetelin Stepanov, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Ceyhun Eminli və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi S.Xuduyev dünyada əsas dinlərin yaranması, tarixi, Qafqaz Albaniyasının tarixi, bu dövlətdə xristianlığın yayılması, arxeoloji qazıntılar zamanı Qafqaz Albaniyasına aid olan əşyalar, yaşayış məskənləri, hazırda Azərbaycan hökumətinin Qafqaz Albaniyasının irsinin qorunması ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. Sərgi dekabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti