...

Məktəbəqədər təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

Cəmiyyət Materials 15 Dekabr 2016 17:04 (UTC +04:00)
"Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldiləcək".
Məktəbəqədər təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda məktəbəqədər təhsil müəssisələri əlavə iqtisadi gəlir və sosial səmərə əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bugünkü iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

İ.Həbibbəyli bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyəti həyata keçirməsi yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradacaq:

"Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldiləcək".

Komitə sədrinin sözlərinə görə, əvvəlki layihədə məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsi yer alsa da, yeni layihədə bu məsələ çıxarılıb:

“Həm Milli Məclisin plenar iclasında, həm də ekspertlərin rəyində və sosial mediada məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə birmənalı olaraq “yox” cavabı verildi. Həm deputatların, həm də Təhsil Nazirliyinin fikirlərini əsas götürərək layihədən özəlləşdirmə ilə bağlı maddə çıxarılıb. Lakin nazirliyin bizə göndərdiyi rəydə qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrinin profili dəyişmədən onlar hüquqi və fiziki şəxslər tərəfindən özünüidarəetməyə verilə bilər. Təbii ki, bu, özəlləşdirmə demək deyil, sadəcə, bu sahənin inkişaf etdirilməsi üçün əlavə imkanlar deməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti