...

Xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsi bərpa olunub (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2016 12:31 (UTC +04:00)
Xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri tamamlandıqdan sonra ziyarət üçün açıq elan olunub.
Xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsi bərpa olunub   (FOTO)

Bakı. Trend:

Biləcəri qəsəbəsində dəfn edilən tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri tamamlandıqdan sonra ziyarət üçün açıq elan olunub.

Bu barədə Trend-ə Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsindən məlumat verilib.

Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş, cəmiyyətin inkişafına xidmət etmiş tarixi şəxsiyyətlərə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yenidən diqqət artırıldı. Bu gün də milli-mənəvi dəyərlər və vətənpərvərlik hisslərinə söykənən ənənələr ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycanın ən böyük xeyriyyəçilərinin, tarixi şəxsiyyətlərinin abidələri mütəmadi olaraq əsaslı şəkildə təmir edilir. Ölkə rəhbərliyinin Azərbaycanın tarixi şəxsiyyətlərinə verdiyi dəyərlər fonunda yerlərdə də müəyyən işlər görülür.

Biləcəri qəsəbəsində dəfn edilən tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri tamamlandıqdan sonra ziyarət üçün açıq elan olunub. Binəqədi rayonu Biləcəri qəsəbəsində açıq havada təşkil olunan ziyarətdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi nümayəndəsi İbad İbrahimov, Biləcəri qəsəbə Bələdiyyəsinin sədri Hikmət Quliyev, Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, məşhur milyonçu- xeyriyəçinin nəvəsi Dilarə Nağıyeva və həmin təşkilatın üzvləri, abidənin müəllifi- tanınmış heykəltəraş Azad Əliyev, abidənin bərpa işlərinin tamamlanmasına dəstək göstərən xeyriyyəçi insanlar, qəsəbə sakinləri iştirak ediblər.

Mərasimi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq iştirakçılara tədbirin mahiyyəti və mərhum Ağa Musa Nağıyevin Azərbaycan üçün dəyərindən danışıb. Natiq çıxışında rayon iştirakçılara rayon rəhbərliyinin salamlarını çatdıraraq qeyd edib ki, xalqımız hər zaman öz millətinə, xalqına xidmət edən oğullarının yaşatmalı, onların faydalı əməllərini gənc nəsillərə təbliğ etməlidir. Sonra çıxış edən natiqlər də öz nitqlərində abidənin abadlaşdırılmasında əməyi olan şəxslərə minnətdarlıqlarını ifadə ediblər. Tədbir zamanı müvafiq fəaliyyətlə bağlı əməyi olan şəxslər Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin təsis etdiyi Fəxri Fərmana layiq görülüblər. Abidənin açılışı zamanı gülqoyma mərasimi ilə davam edən tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, Ağa Musa Nağıyev 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub. 28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Ağa Musa Nağıyevin maliyyəsi ilə tikilib. Məşhur milyonçu 1919-cu ilin mart ayında vəfat etdikdən sonra doğulduğu Biləcəri kəndində dəfn olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti