...

Azərbaycan “Bolqarıstan möcüzələri” kampaniyası çərçivəsində mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2016 19:43 (UTC +04:00)
“Bolqarıstan möcüzələri” kampaniyası çərçivəsində Bolqarıstanın Milli Tarix Muzeyində rəsmi mükafatlandırma mərasimi təşkil olunub.
Azərbaycan “Bolqarıstan möcüzələri” kampaniyası çərçivəsində mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

Bolqarıstanın nüfuzlu qəzetlərindən olan “Standart” qəzetinin təşəbbüsü ilə irəli sürülmüş “Bolqarıstan möcüzələri” kampaniyası çərçivəsində Bolqarıstanın Milli Tarix Muzeyində rəsmi mükafatlandırma mərasimi təşkil olunub.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Bolqarıstan Xalq Məclisində təmsil olunan partiyaların fraksiya rəhbərləri, Mədəniyyət nazirliyinin rəsmiləri, Bolqarıstan Pravoslav Kilsəsinin yüksək vəzifəli şəxsləri, Sofiya şəhərinin meri Yordanka Fandıkova, Bolqarıstan Sosialist partiyasının lideri Korneliya Ninova, həmçinin biznes nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 6 ildir davam edən “Bolqarıstan möcüzələri” kampaniyasının məqsədi Bolqarıstanın mədəni-tarixi irsinin qorunması və təbliğidir, həmçinin alimlər və mütəxəssislərlə birgə yeni mədəni turizm marşrutlarının inkişafıdır. Bolqarıstanda bu sahədə ən böyük milli kampaniya olan “Bolqarıstan möcüzələri” layihəsi çərçivəsində bu ölkənin mədəni və tarixi irsinin təşviqi məqsədilə həmçinin ədəbiyyat, səyahət bələdçiləri nəşr olunur. Kampaniya həmçinin turizm sənayesinin inkişafı naminə təsirli layihələrin irəli sürülməsi məqsədilə bolqar biznes dairələrini təşviq edir. Kampaniya çərçivəsində hər il ümummilli səsvermə keçirilir və səsvermədə iştirak edən bolqar xalqı daha çox qürur duyduqları Bolqarıstan “möcüzə”lərini müəyyən edir.

“Standart” qəzetinin təşkil etdiyi mükafatlandırma gecəsində “Görməli yerlər”, “Kəşf”, “Dəfinə”, “Muzey”, “Mesenat” kateqoriyalarında mükafatlar və təltiflər təqdim olunub.

Tədbirdə ölkəmizə “2016-cı ilin mesenatı” kateqoriyasında fəxri fərman verilib. Fəxri fərman Bolqarıstanın mədəniyyət nazirinin müavini, məşhur arxeoloq Boni Petrunova tərəfindən səfir Nərgiz Qurbanovaya təqdim edilib. Çıxışında nazir müavini Veliko Tırnovo şəhərində yerləşən və Bolqarıstan və onun dövlətçiliyi üçün xüsusi əhəmiyyət kəsb edən “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına verdiyi dəyərli töhfəyə görə Azərbaycan tərəfinə bolqar xalqı adından və şəxsən öz dərin təşəkkürünü ifadə edib. Səfir N.Qurbanova Azərbaycana bu kateqoriyada təltifnamə təqdim edilməsinə, eləcə də bolqar xalqının ölkəmizə verdiyi yüksək qiymətə görə minnətdarlığını bildirib və Azərbaycan tərəfinin orta əsr Bolqarıstan memarlığının incisi olan “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına yardım etdiyinə görə fəxr etdiyini söyləyib.

Qeyd edək ki, mərasim Bolqarıstanın aparıcı televiziya kanallarından olan “Kanal 3”də canlı olaraq yayımlanıb və əsas mətbuat orqanlarında işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti