...

Ali təhsil sistemində yeni peşə standartları tətbiq olunacaq

Cəmiyyət Materials 24 Dekabr 2016 11:26 (UTC +04:00)
2017-ci ildə ali təhsil sistemində yeni peşə standartlarının tətbiqinə başlanılacaq.
Ali təhsil sistemində yeni peşə standartları tətbiq olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-ci ildə ali təhsil sistemində yeni peşə standartlarının tətbiqinə başlanılacaq.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabat tədbirində çıxış edərkən deyib.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri səriştəli təhsilverənlərin hazırlanmasıdır.

Nazir müavini qeyd edib ki, 2014-cü ildən etibarən müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb. Həmin ildə qiymətləndirmədən keçən müəllimlərin sayı 30 minə yaxın olub, 2015-ci ildə 60 minə çatıb. Bu il isə 26 bölgəni əhatə edən qiymətləndirmə nəticəsində diaqnostik qiymətləndirmədən keçən müəllimlərin sayı təxminən 100 minə nəfərə çatıb.

C.Bayramov əlavə edib ki, diaqnostik qiymətləndirmə ixtisasartırma təhsilinin müxtəlif modullar əsasında yeni formada ortaya qoyulmasını labüd edib. Onun sözlərinə görə, qiymətləndirməyə uyğun ixtisasartırmanın keçirilməsi lazımdır.

C,Bayramov onu da qeyd edib ki, siniflərdə inkişafedici tədris mühitinin yaradılmasında müəyyən boşluqlar var: "Biz bu sahəyə də diqqət yetirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti