...

"Palmali" FHN-ə sualtı qayıq hədiyyə edilməsi ilə bağlı bəyanat yayıb

Cəmiyyət Materials 9 Yanvar 2017 16:13 (UTC +04:00)
"Palmali" Şirkətlər Qrupuna məxsus "DeepFlight DF-302 Super Falcon" sualtı qayığı nazirliyə bağışlanıb.
"Palmali" FHN-ə sualtı qayıq hədiyyə edilməsi ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

"Palmali" Şirkətlər Qrupu və Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əldə olunmuş razılığa əsasən "Palmali" Şirkətlər Qrupuna məxsus "DeepFlight DF-302 Super Falcon" sualtı qayığı nazirliyə bağışlanıb.

Bu barədə Trend-ə Şirkətlər Qrupundan məlumat verilib.

"Palmali" Şirkətlər Qrupu uzun illərdir ki, Azərbaycanda müxtəlif sahələrdə öz fəaliyyətini həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında reallaşan çevik iqtisadi kursu daim dəstəkləyən "Palmali" Şirkətlər Qrupu ölkə iqtisadiyyatına davamlı dəstək verməkdən qürür duyur. Azərbaycanda həyata keçirilən hər bir layihə "Palmali" Şirkətlər Qrupu üçün prioritetlər siyahısında yer alır. Fövqəladə Hallar Nazirliyi ilə əldə olunmuş bu razılıq "Palmali" Şirkətlər Qrupunun Azərbaycan dövlətinə və rəhbərliyinə bəslədiyi xüsusi münasibətinin daha bir bariz nümunəsdir.

"Palmali" Şirkətlər Qrupu tərəfindən göstərilən bu təşəbbüs həm də Azərbaycan FHN-in çoxşaxəli və uğurlu fəaliyyətinə verilən yüksək qiymətdir. Adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən nefçilərin axtarışına da töhfə verəcəyinə "Palmali" Şirkətlər Qrupu tərəfindən böyük ümid bəslənir. "Palmali" Şirkətlər Qrupu fürsətdən istifadə edərək son dərəcə məsuliyyətli vəzifələrini peşəkarlıqla yerinə yetirərək Azərbaycan xalqına layiqli xidmət göstərdiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bütün kollektivinə təşəkkür edir.

"Palmali" öz fəaliyyəti və imkanları çərçivəsində Azərbaycanın hər sahədə inkişafı və tərəqqisi üçün bundan sonra da eyni əzm və istəklə çalışmalarını davam etdirəcək.

Razılaşma predmeti olan "DeepFlight DF-302 Super Falcon" sualtı qayığı 2014-cü ildə istifadəyə verilib. Qayığın uzunluğu 6.3 metr, eni 2.7 metr (qanadları yığılmaqla – 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən "DeepFlight DF-302 Super Falcon" üç sürət rejiminə malikdir və rahat idarə olunması ilə seçilir. Qanadları və sürəti hesabına dərinliyə doğru hərəkət edən bu qayıq çevik manevr qabiliyyəti sayəsində ən mürəkkəb ərazilərdə əməliyyatların həyata keçirilməsinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti