...

İƏT Gənclər Forumu 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini alqışlayan bəyanatla çıxış edib

Cəmiyyət Materials 12 Yanvar 2017 11:35 (UTC +04:00)
İƏT Gənclər Forumu 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında ölkə Prezidentinin sərəncamını dəstəkləyir.
İƏT Gənclər Forumu  2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini alqışlayan bəyanatla çıxış edib

Bakı. Trend:

Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam beynəlxalq səviyyədə alqışlanıb.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) sərəncamı dəstəkləyən xüsusi bəyanatla çıxış edib.

Forumun 11 yanvar tarixli bəyanatında sözügedən sərəncama istinad edilərək bildirilir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Bəyanat vasitəsilə, İƏT Gənclər Forumu ailəsi Azərbaycan Prezidenti İlham Əliyevə İƏT ölkələri gənclərinin inkişafına, onlar arasında dostluğun gücləndirilməsinə və bu çərçivədə İƏT-ə bağlı beynəlxalq qurum olan DƏ-İKGF-nin təsis və inkişafına göstərdiyi davamlı dəstəyə görə öz təşəkkürünü bildirib. Bəyanatda həmçinin qeyd olunur ki, təşkilatın 2004-cü ildə təsis edilməsindən bu yana Forumun ilk Baş Assambleyası daxil olmaqla bir çox beynəlxalq tədbir və layihələrinə, o cümlədən, Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Azərbaycan Respublikası ev sahibliyi etməkdədir. Qeyd olunanlar və həmçinin İƏT Gənclər və İdman Nazirləri Şurasının 4-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsi haqda qərarın İƏT Gənclər Forumunun həmtəşkilatçısı olduğu İƏT Gənclər və İdman Nazirləri Şurasının 3-cü sessiyasında qəbul edilməsi yuxarıda qeyd olunan dəstəyin bariz nümunəsidir. Bəyanatda, DƏ-İKGF böyük bir coğrafiyanı əhatə edən beynəlxalq gənclər təşkilatı kimi Azərbaycan hökumətinin Azərbaycan gənclərinin inkişafına göstərdiyi dəstəyi və onların ölkə həyatının müxtəlif sahələrində lider kimi yetişməsinə yaradılan şəraiti təqdir edib.

Sonda, sözügedən bəyanatda İƏT Gənclər Forumu İƏT Müştərək Gənclər Fəaliyyətləri daxil olmaqla öz layihə və proqramlarını 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsinə uyğun icra edərək Azərbaycan gənclərinin inkişafı, İslam həmrəyliyi və qlobal gənclər dialoqunun gücləndirilməsi məqsədilə Azərbaycan Hökuməti ilə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti