...

Bilik Fondu “Mədəni maarifləndimə” proqramı çərçivəsində filmlərin nümayişinə start verib (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2017 17:59 (UTC +04:00)
“Mədəni maarifləndimə” proqramı çərçivəsində filmlərin nümayişinə start verilib.
Bilik Fondu “Mədəni maarifləndimə” proqramı çərçivəsində filmlərin nümayişinə start verib (FOTO)

Bakı. Trend:

Bilik Fondu “Mədəni maarifləndimə” proqramı çərçivəsində filmlərin nümayişinə start verib.

Fonddan Trend-ə verilən məlumata görə, əvvəlcə Can Dündarın Nazim Hikmət haqqında çəkdiyi sənədli filmin nümayişini təşkil edilib.

Filmə baxışdan sonra tanınmış jurnalistlərin, QHT rəhbərlərinin iştirakı ilə Nazim Hikmət yaradıcılığı, həyatı və şəxsiyyəti ətrafında maraqlı müzakirə açılıb.

Qərara alınıb ki, həmin proqram çərçivəsində milli filmlərimizn nümayişi təşkil edilsin ki, son illər çəkilən, amma nümayiş etdirilməyən, yaxud çox az nümayiş olunmuş filmlər həm Azərbaycan gənclərinə, həm də xarici ölkələrdən gəlib ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan əcnəbi tələbələrə göstərilsin.

Bu həm gənclərin maarifləndirilməsinə, mədəniyyətə, incəsənətə meyillərinin artırılmasına xidmət edər, həm də əcnəbi tələbələr ölkəmiz və mədəniyyətimiz barədə müfəssəl məlumat almış olarlar.

Bu səbəbdən layihəyə “Azərbaycanfilm” kinostudiyasını da cəlb edilib.

Kinostudiyanın direktoru Müşfiq Hətəmovla danışıqlar müsbət nəticələnib və onlar “Azərbaycanfilm”də son illər çəkilmiş filmləri fonda təqdim ediblər.

Kinostudiyanın rəhbərliyinin və nümayiş etdirdiyimiz hər bir filmin yaradıcı heyətinin də iştirakı ilə nümayişlər davam etdirilir.

Bilik Fonunda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilən "Axınla aşağı" bədii filminin təqdimatı baş tutub. Filmə baxışdan sonra Bilik Fondunun əməkdaşları və könüllülərinin, həmçinin yaradıcı qrupun iştirakı ilə ekran əsəri müzakirə edilib. İştirakçıların hər biri filmdən aldığı təəssüratı bölüşüb, onları maraqlandıran məqamlara toxunublar.

Ssenari müəllifi və quruluşçu rejissor Asif Rüstəmov, baş rolun ifaçısı Namiq Ağayev “Axınla aşağı” filminin çəkiliş prosesindən, ideya istiqamətindən və cəmiyyətə ötürülən vacib mesajlardan söhbət açıblar. Onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar.

Filmin ikinci təqdimatının məhz Bilik Fondunda baş tutmasını yüksək qiymətləndirən baş rolun ifaçısı Namiq Ağayev Azərbaycanda kino sənəti sahəsində maarifləndirmə işlərinin aparılmasında Fondun böyük rol oynacağına əmin olduğunu deyib.

Növbəti nümayiş “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Dərs” filmi olub.

Nümyişdə paytaxtın Nərimanov rayonunun 207 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Fondun müxtəlif ali məktəblərin tələbələrindən ibarət könüllülər qrupu iştirak edib.

“Dərs” filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur. Nümayişdən sonra yaradıcı qrupla birgə filmin müzakirəsi keçirilib.

Bilik Fondunda bu silsilədən təqdim olunan növbəti film “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi olub.

Nümayişdə müxtəlif ali təhsil ocaqlarının yerli və xarici tələbələri, Bilik Fondunun Könüllülər Birliyinin üzvləri, alimlər iştirak ediblər.

“Sarılar- Qarabağ atının izi ilə” sənədli filmi Mədəniyyət və Turizm Nazirliyi və “BP Azərbaycan” şirkətinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “Studio Tor 1” Filmproduktion şirkəti tərəfindən istehsal edilib.

Çəkilişləri Azərbaycan, İngiltərə, İsveçrə və Almaniyada aparılan filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində yalnız filmlərin nümayişi ilə kifayətlənmir. Proqram çərçivəsində paytaxtın müxtəlif teatrlarının tamaşalarına bilet alıb qaçqın və məcburi köçkün məktəblərində təhsil alan şagirdləri, tələbələri, fiziki qüsurlu uşaqların təhsil aldığı internat məktəbləri tamaşalara dəvət edir.

SOS Uşaq Kəndinin sakinləri olan məktəbliləri Dövlət Pantomim Teatrının “Fəlakət” tamaşasına aparmışıq. Tamaşada fövqəladə vəziyyətlərdə uşaqların necə hərəkət etməli olduqları sənətin dili ilə məktəblilərə izah edilir.

Şuşa Musiqili Dram Teatrının “Vətən dərsi” tamaşasının bir-neçə orta məktəbdə göstərilməsinə nail olmuşuq. Tamaşa uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım edir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kurs tələbələrinin hazırladıqları “Ölülər” tamaşasını Fondun “Auditoriya +” layihəsi çərçivəsində əyani vəsait kimi orta məktəblərin 10-11-ci sinif şagirdlərinə fond tərəfindən təqdim edilib.

Könüllü tələbələrin xahişi ilə ADMİU-nin dosenti, aktyor Məmməd Səfanın tələbələrinin diplom işi olan bu tamaşa Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün ali məktəbin zalında oynanılıb.

Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində kitabın təbliğatı ilə bağlı müxtəlif səpgili tədbirlərə imza atır. Fond AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə birgə bir sıra məktəblərə, hərbi hissələrə, məscidlərə kitablar hədiyyə edib, Qaradağ rayonu Lökbatan qəsəbəsi 288 saylı məktəbin məktubu əsasında məktəbin kitabxanasına nağıllardan, klassik xarici və milli ədəbiyyat nümunələrindən ibarət 40 ədəd kitab bağışlayıb.

MEK-nın köməkliyi ilə SOS Uşaq Kəndinin ktabxanası zənginləşdirilib, kitabxanya və uşaqların öz şəxsi kitabxanalarına ümumilikdə 100-ə yaxın kitab verilib.

Bilgəhdəki müharibə və əmək veteranları pansionatının kitabxanasını zənginləşdirmək məqsədilə ahıllara 200 adda kitab hədiyyə olunub.

Fondun əməkdaşları Beynəlxalq Əlilliyi olan Şəxslər günü münasibəti ilə Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olublar. Ordakı gənclərin istəyinə əsasən, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində ödənişsiz xarici dil kurslarının açılması, müxtəlif elm, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların iştirakı ilə görüşlərin keçirilməsini təklif etdik. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının hədiyyə etdiyi 150 adda kitab onlara çatdırılıb.

Mütəmadi olaraq məktəblilər və gənclər arasında şeir, inşa və əl işləri müsabiqəsi, müxtəlif sərgilər təşkil olunub. “Qönçələrin çiçək dünyası”, “Kitabi-Dədə Qorqud məktəblilərin gözü ilə”, “Mənə bir nağıl danış, sənə bir rəsm çəkim” adlı sərgilər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti