...

Azərbaycan və Polşa tələbələri əməkdaşlıq edəcəklər (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2017 11:18 (UTC +04:00)
Azərbaycan Tələbələr Birliyi və Polşa Respublikası Tələbə Parlamenti arasında əməkdaşlıq sazişi imzalanıb.
Azərbaycan və Polşa tələbələri əməkdaşlıq edəcəklər (FOTO)

Bakı. Trend:

Azərbaycan Tələbələr Birliyi və Polşa Respublikası Tələbə Parlamenti arasında əməkdaşlıq sazişi imzalanıb.

Birlikdən Trend-ə verilən məlumata görə, Polşanın Lublin şəhərində Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Polşa Respublikası Tələbə Parlamentinin prezidenti Tomasz Tokarski tərəfindən imzalanan sənəd hər iki təşkilat arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Saziş çərçivəsində hər iki təşkilat ali təhsilin hər kəs üçün əlçatan olması, ali təhsildə keyfiyyət və sosial bərabərliyin təminatı kimi məsələlər üzrə əməkdaşlığı genişləndirəcəklər.

Tərəflər ildə ən azı bir dəfə olmaqla qarşılıqlı tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, eyni zamanda, Avropa İttifaqının “Erasmus+” proqramı və Avropa Könüllülük Xidməti çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.

Sazişin imzalanmasına görə Polşada rəsmi səfərdə olan Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov qurulan əməkdaşlıqla bağlı öz fikirlərini bildirib:

“Biz digər ölkələrdən olan milli tələbə birlikləri ilə sıx əməkdaşlığa hər zaman çox böyük önəm vermişik. Polşa Respublikası Tələbə Parlamenti də bizim 2009-cu ildən birgə işlədiyimiz təşkilatlardandır. Hətta əməkdaşlığımız çərçivəsində 2011-ci ildə Polşanın Varşava və Krakov şəhərlərinə geniş tərkibdə tanışlıq səfərləri də etmişdik. İndi isə əməkdaşlığın yeni mərhələsi ilə bağlı çərçivə sənədini imzaladıq. Təbii ki, bu sənəd özündə ümumi müddəaları ehtiva edir. Biz Tomasz Tokarski ilə əməkdaşlığın hansı çərçivədə davam edəcəyinə qərar verdik. Ümid edirəm ki, iki təşkilat arasında qurulan sıx münasibətlər ölkəmizdə tələbə özünüidarəetmə orqanlarının inkişafı, ali təhsildə keyfiyyət və sosial bərabərlik təminatı, habelə digər sahələr üzrə Polşa təcrübəsini öyrənmək baxımından çox önəmli olacaq. Biz Avropa İttifaqının “Erasmus+” proqramı və Avropa Könüllülük Xidmətinin bizə verdiyi geniş imkanlardan yararlanmaq fikrindəyik. Artıq səfərim çərçivəsində cari ildə proqrama hansı layihələrlə müraciət edəcəyimizə qərar verdik. Ümid edirəm ki, bu layihələrdən də daha çox tələbənin yararlanmaq imkanı olar. Biz bu kimi əməkdaşlıqların bütün xarici ölkələrdə fəaliyyət göstərən milli tələbələr birlikləri ilə qurulmasında maraqlıyıq. Çünki tələbə birlikləri öz ölkələrində cəmiyyətin müxtəlif dairələrinə təsir imkanı olan təşkilatlardır. Biz də bununla Azərbaycanın həmin ölkələrdə müsbət imicinin formalaşdırılmasında öz töhfəmizi vermək istəyirik. Yəqin, yaxın zamanlarda yeni əməkdaşlıqlarla bağlı tələbələrimizi sevindirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti