...

Azərbaycandan kənarda terrorçuluq fəaliyyətində iştirak edən 58 nəfər vətəndaşlıqdan çıxarılıb (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2017 16:30 (UTC +04:00)
Azərbaycandan kənarda terrorçuluq fəaliyyətində iştirak edən 58 nəfər vətəndaşlıqdan çıxarılıb.
Azərbaycandan kənarda terrorçuluq fəaliyyətində iştirak edən 58 nəfər vətəndaşlıqdan çıxarılıb  (FOTO)

Bakı. Trend:

Azərbaycandan kənarda terrorçuluq fəaliyyətində iştirak edən 58 nəfər vətəndaşlıqdan çıxarılıb.

Dövlət Miqrasiya Xidmətindən (DMX) Trend-ə verilən məlumata görə, bunu Xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qurumun 2016-cı ilin yekunlarına həsr olunmuş xidməti müşavirəsində bildirib.

F.Nəbiyevin sözlərinə görə, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2016-cı il ərzində 1 143 951 nəfər olmaqla əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə 2 242 783 girişi və 1 137 351 nəfər olmaqla ölkə ərazisindən 2 milyon 242 788 əcnəbi və vətəndaşlığı olmayan şəxsin çıxışı qeydə alınıb. 2016-cı il ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 672 337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51 710 nəfərə isə müvafiq yaşama icazələri, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9480 nəfərə isə iş icazəsi verilib.

O qeyd edib ki, son beş il ərzində 68 270 nəfərin Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib.

F.Nəbiyev qeyd edib ki, 58 nəfərin Azərbaycanın hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.

Xidmət rəisi xüsusi vurğulayıb ki, görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır.

Onun sözlərinə görə, 2016-cı ildə 7956 ikili vətəndaşlığı olan şəxs müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır.

Hesabat dövründə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır.

DMX rəisi bildirib ki, Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış Readmissiya Sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş bildirişlər əsasında Azərbaycan vətəndaşlığına mənsub olması müəyyənləşdirilmiş 120 şəxsin readmissiyası həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti