...

20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2017 14:42 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılıb (FOTO)

Bakı. Trend:

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılıb.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səslənib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişinə uyğun olaraq sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı dəhşətli qətliam həyata keçirdiyini vurğulayıb: “Sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklərlə divan tutulması xalqımızın müstəqillik əzmini birdəfəlik sındırmaq məqsədi daşıyırdı. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.

S.Müslümov bildirib ki, faciənin sabahkı günü, yəni 1990-cı il yanvarın 21-də Ulu öndərimiz Heydər Əliyev həmin vaxt xüsusi nəzarət altında olsa da, heç nədən çəkinmədən, cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və Azərbaycan xalqına qarşı həyata keçirilmiş qanlı aksiyanı kəskin şəkildə pisləyən bəyanatla çıxış edib: “Öz xalqına bağlılığın və sonsuz sədaqətin əyani təsdiqi olan həmin bəyanatda sovet rəhbərliyinin Azərbaycana qarşı törətdiyi qatı cinayət hüquqa, demokratiyaya, humanizmə zidd hesab edilir, eyni zamanda təkrarsız cəsarət hissi ilə sovet qoşunlarının dərhal respublikamızdan çıxarılması tələbi irəli sürülürdü. Sonralar da ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü elan olunması, bu faciədə şəhid olmuş insanların ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması kimi mühüm tədbirlərin həyata keçirilməsini təmin edib”.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Şəhidlər Xiyabanının vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırıldığını, dövlət başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi yaradıldığını diqqətə çatdırıb: “Bununla bərabər, ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman həmvətənlərimizin ailə üzvləri və 20 Yanvar əlilləri möhtərəm dövlət başçımız tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunublar. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 69 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 84 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib”.

S.Müslümov bildirib ki, bu təbəqədən olanlara Azərbaycan Prezidentinin aylıq təqaüdləri (o cümlədən 20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvlərinə ayda 300 manat, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş I qrup əlillərə 165 manat, II qrup əlillərə 143 manat, III qrup əlillərə 110 manat) ödənilir. 20 Yanvar əlillərinə aylıq sosial müavinət və ya əmək pensiyası, onların uşaqlarına, habelə 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə aylıq sosial müavinət də verilir: “Pensiya qanunvericiliyində isə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanması nəzərdə tutulub. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqlarının təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

20 Yanvar əlilləri və şəhid ailələri üçün qanunvericilikdə bir sıra güzəşt və imtiyazların da əksini tapdığını qeyd edən nazir əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, məşğulluq imkanlarına malik olmaları, sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının təşkili və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdə 20 Yanvar əlillərinin də əhatə olunduqlarını diqqətə çatdırıb: “Qeyd olunanlarla yanaşı, hər il 20 Yanvar faciəsinin ildönümü ərəfəsində 20 Yanvar əlilləri və şəhidlərinin ailələri nazirlik tərəfindən birdəfəlik maddi yardımla təmin edilirlər. Bu il də 20 Yanvar faciəsinin ildönümü ərəfəsində nazirlik tərəfindən 423 20 Yanvar əlili və şəhidi ailəsinə birdəfəlik maddi yardım verilib”.

S.Müslümov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsini özünün “Şəhidlər” kitabı ilə əbədiləşdirmiş yazıçı-publisist Rafiq Səməndərin xatirələrinin dinlənilməsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti