...

Bilik Fondu 20 yanvar şəhidlərini yad edib (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2017 15:52 (UTC +04:00)
“20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Bilik Fondu silsilə tədbirlər keçirib.
Bilik Fondu 20 yanvar şəhidlərini yad edib  (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış, təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş 1990-cı ilin 20 yanvar cinayəti artıq 27 ildir ki tariximizdə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi yer alır. O qanlı şənbə gecəsindən 27 il ötməsinə baxmayaraq, o gün şahidlərin xatirində hələ də kabus kimi dolaşmaqdadır – atəş səsləri, gəmi fitləri, fəryad və intiqam hənirtiləri hələ də qulağımdadır.

1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə...

Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Təcavüz nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox adam yaralandı. Yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı 20 Yanvar faciəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə qarşı yönəldilmiş qanlı cinayət kimi xatırlayır, hər il bu faciənin ildönümündə şəhidlərimizin müqəddəs ruhunu yad edir.

Qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən Ümummilli lider Heydər Əliyev bu amansız cinayəti Sovet İttifaqı tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz kimi dəyərləndirdi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər keçirib. Fondun icraçı direktoru Oktay Səmədov gənc nəslə yanvar hadisələri barədə geniş məlumat verməklə yanaşı, ölkəmizdə təhsil alan xarici vətəndaşlara da Azərbaycanın müstəqillik mücadiləsi yolundan və bu yolda verilən qurbanlardan, bütövlükdə Azərbaycan gerçəklərindən danışmağın vacibliyini vurğulayıb.

Bu məqsədlə Bilik Fondu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Şəhid ailələrinə sosial dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə “20 yanvar – Ümumxalq hüzn günü”nə həsr olunmuş "20 yanvar-fəxrlə andığımız gün" adlı tədbir keçirildi. Tədbirdə Bakıda təhsil alan Türkiyə, Türkmənistan, Rusiya, Özbəkistan, İraq, Pakistandan olan tələbələr, paytaxt məktəbliləri, KİV və QHT nümayəndələri, Bilik Fondunun və Tarix muzeyinin əməkdaşları iştirak etdilər.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirdi ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Ona görə də bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev bildirib ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Aparat rəhbəri xatırladıb ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazını bildirməklə ekstremal durumda ani olaraq düzgün qərar qəbul etmək bacardığını nümayiş etdirib. Bu faciə zamanı xalqımız vahid bir Azərbaycan milləti kimi düşmənə qarşı çiyin-çiyinə birləşdi.
Sonra anım mərasimində 20 yanvar hadisələrinin şahidi olan Əlizadə Elşən faciə ilə bağlı xatirələrini bölüşdü.

Tədbirdə həmçinin qeyd olundu ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verildi. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi və bilavasitə iştirakı ilə Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb.

Tədbir çərçivəsində məktəblilərin faciəni əks etdirən kompozisiyası da nümayiş olundu. Yaxın keçmişimizdə baş verən hadisələr tədbirdə iştirak edən xarici tələbələrin marağına səbəb oldu.

Bakı Biznes Universitetində, Azərbaycan Universitetində bu ali məktəblərin və Bilik Fondunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbirlər keçirildi. Hər iki anim mərasimində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən, günahsız insanların müxtəlif silahlarla qətlə yetirilməsindən söhbət açıldı, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını bildirildi. Tələbələr 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim etdilər.
Daha bir tədbir Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində Bilik Fondunun iştirakı və dəstəyilə şəhid Akif Abdullayev adına 211 nömrəli məktəbdə keçirildi. Binə qəsəbəsi 117 nömrəli məktəbin şagirdlərinin də iştirakı ilə keçirilən anim mərasimində şagirdlərin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. İştirakçılar “20 yanvar” abidə kompleksi və “Şəhidlər Xiyabanı”nı ziyarət edərək, şəhidlərin məzarına qərənfil dəstələri qoydular.
Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə Qax, Oğuz, Şəmkir, Nardaran Bilik Evlərində, həmçinin rayonlarda məktəblilərin, yerli ziyalıların iştirakı ilə toplantılar keçirilib. Bütün ümumtəhsil məktəblərində qanlı yanvar hadisələrinə həsr edilmiş xüsusi dərslər aparılıb, sinif divar qəzetləri 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilib, ümumtəhsil məktəblərində tariximizin bu şanlı səhifəsini əks etdirən güşələr tərtib edilib, şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilər təşkil olunub.
Verdiyimiz böyük itkilərə rəğmən, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu, həm də gərəkli anda bir yumruq tək sıx birləşməyi bacardığını nümayiş etdirdi. Bu əzmli salnaməni yaşatmaq və nəsillərə çatdırmaq hər bir azərbaycanlının borcudur, çünki danılmaz həqiqət var: “Keçmişini unutma, o sənin gələcəyinin müəllimidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti