...

"Azərenerji" ASC-də 20 Yanvar qurbanları anılıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2017 18:23 (UTC +04:00)
“20 Yanvar hadisəsi Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
"Azərenerji" ASC-də 20 Yanvar qurbanları anılıb (FOTO)

Bakı. Trend:

“Azərenerji” ASC-də 20 Yanvar qurbanları anılıb.

Qurumdan Trend-ə verilən məlumata görə, “20 Yanvar hadisəsi Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə açan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev qeyd edib ki, 20 Yanvar faciəsi artıq xalqımızın yaddaşına müstəqillik, suverenlik və ərazi bütövlüyünün rəmzi kimi həkk olub. Ötən il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beş illiyinin inamla və uğurla qeyd edilməsi bir daha göstərib ki, bu hadisə qanla yazılsa da şanlı tarix salnaməsidir. Xüsusilə vurğulamaq lazımdır ki, bu istiqamətdə əsas stimul o dövrdə Moskvada yaşayan ulu öndər Heydər Əliyevin elə həmin günün səhəri – 21 yanvar tarixində İlham Əliyevlə birlikdə Azərbaycanın bu şəhərdə yerləşən nümayəndəliyinə gələrək, dünya ictimaiyyətinə baş verən, insanlığa sığmayan qanlı hadisənin siyasi məqamlarını çatdırması və hüquqi qiymət verilməsi ilə bağlı bəyanatı olub. Məhz 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və beynəlxalq ictimaiyyətə təfərrüatları çatdırıldı”.

Sonra Milli Məclisin üzvü Aydın Mirzəzadə 20 Yanvar faciəsinin tarixindən, bu hadisənin müstəqilliyimizin qazanılmasındakı rolundan bəhs edib. O bu tarixin milli dövlətçiliyimizdəki rolundan danışıb. Bu hadisədən iyirmi yeddi il ötməsinə baxmayaraq, bu faciənin hər il daha da ruh yüksəkliyi ilə qeyd edildiyini vurğulayıb. Artıq 1990-cı ilin yanvar ayında doğulan uşaqlar müstəqil Azərbaycan üçün əhəmiyyətli işlərdə işləyir. Milli maraqlarımızı ölkə həyatının müxtəlif sahələrində müdafiə edirlər. Bu da onu göstərir ki, bu hadisə qanla yazılsa da azadlığımızın və müstəqilliyimizin təməlidir:

“Heydər Əliyevin bu hadisənin əbədiləşdirilməsində xüsusi yeri vardı. Bu xətt hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının iştirakı ilə hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir və bu hadisə ilə bağlı xüsusi tədbirlər görülür”.

Sonra “Azərenerji” ASC-nin müşaviri akademik Arif Həşimov öz çıxışında 20 Yanvarla bağlı keçirilən tədbirin mənəvi məsələ olduğunu bildirib. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib”.

Tədbirdə vurğulanıb ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinin şanlı səhifəsidir. Vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi daim yad ediləcək və qəlbimizdə əbədi yaşayacaq.

Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti