...

Sofiyada Qanlı Yanvar faciəsinin 27-ci ildönümü anılıb (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2017 12:18 (UTC +04:00)
Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 1990-cı ilin 20 yanvar tarixində baş vermiş Qanlı Yanvar faciəsinin günahsız qurbanlarının xatirəsi yad edilib.
Sofiyada Qanlı Yanvar faciəsinin 27-ci ildönümü anılıb  (FOTO)

Bakı. Trend:

Yanvarın 19-da Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 1990-cı ilin 20 yanvar tarixində baş vermiş Qanlı Yanvar faciəsinin günahsız qurbanlarının xatirəsi yad edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, anım mərasimində Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, Azərbaycanlı tələbələr və “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan xalqı ilə bu ağrılı günü bölüşdükləri üçün iştirakçılara təşəkkürünü ifadə edib.

Xalqımızın tarixində qanlı iz qoymuş bu faciənin səbəblərinə nəzər salınaraq, 1980-ci illərin sonunda Vətənimizin Ermənistanın davamlı təxribatları və əsassız ərazi iddiaları ilə üzləşdiyi və ermənilərin məkrli niyyətlərinin onların M.Qorbaçovun başçılığı ilə Sovet İttifaqı rəhbərliyində əlaltıları tərəfindən dəstəkləndiyi qeyd olunub. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan azərbaycanlılara qarşı geniş kampaniyanın başladıldığını vurğulayan səfir həmin dövrdə Ermənistandan 250 mindən artıq azərbaycanlının tarixən yaşadıqları doğma yurdlarından kütləvi deportasiya edildiyini, bu zaman ən azı 216 azərbaycanlının ermənilər tərəfindən xaincəsinə öldürüldüyü, 1154 nəfərin isə yaralandığını bildirib.

Səfir müxtəlif etnik və dini mənsubiyyətə malik Azərbaycan vətəndaşlarının ədalətsizliklə razılaşmayaraq və Sovet İttifaqının vətəndaşı qismində öz hüquqlarından istifadə edərək, nümayişlər keçirməklə və ermənilər tərəfindən həyata keçirilən zorakılıq hallarına son qoymağı Moskvadakı mərkəzi hökumətdən tələb etməklə dinc etirazlara başladığını, lakin Azərbaycanlıların haqlı tələblərinə cavabın M.Qorbaçov hökuməti tərəfindən əsl cinayətkarları məsuliyyətə cəlb etməklə deyil, günahsız insanlara qarşı atəş açmaqla verildiyini bildirib.

Sovet ordusu tərəfindən həyata keçirilmiş tam miqyaslı hərbi hücum nəticəsində müxtəlif millətlərdən 147 nəfər Azərbaycan vətəndaşının vəhşicəsinə öldürüldüyü, 744 nəfərinin yaralandığı, 841 nəfərinin isə əsassız həbs olunduğu mərasim iştirakçılarının diqqətinə çatdırılıb. Səfir misli görünməmiş vəhşiliklər törədən Sovet ordusunun mülki şəxslər, yaşayış binaları, tibbi müəssisələrə atəş açdığını, eyni zamanda təcili tibb yardım maşınlarına yaralı insanlara yardım göstərməyə icazə verilmədiyini vurğulayıb.

N.Qurbanova çıxışında Sovet ordusunun bu qəddar hücumun ölkəmizin ərazi bütövlüyü və hüquqları uğrunda mübarizə aparan Azərbaycan vətəndaşlarının əzmini qıra bilmədiyini ifadə edərək Qanlı Yanvar gecəsində Azərbaycan xalqının iradəsi və ədalət uğrunda mübarizəsinin Sovet hərbi maşınına qalib gəldiyini, Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu diqqətə çatdırıb.

Həmin günlər haqqında söhbəti davam edən səfir N.Qurbanova bütün təhdidlərə rəğmən ümummilli lider Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar faciəsi ilə bağlı verdiyi bəyanatın Azərbaycan xalqının milli müqavimət ruhunun daha da möhkəmlənməsində mühüm rol oynadığını xüsusilə vurğulayıb. Çıxışın sonunda səfir 20 yanvar tarixində minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etdiyini, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş cəsarətli soydaşlarımızın xatirələrinin eyni zamanda həmvətənlərimizin yaşadığı dünyanın hər bir nöqtəsində onlar və ölkəmizin dostları tərəfindən yad edildiyini bildirib.

Tədbirdə həmçinin uzun müddət Bolqarıstan parlamentinin deputatı və Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olmuş Rəmzi Osman, Bolqarıstandakı Azərbaycan diasporasının üzvü Sabir Quliyev və vaxtilə Azərbaycanda təhsil almış, əslən bolqar türkü professor Çinqiz Xakov çıxış edərək, həmin faciəli günlərlə bağlı öz xatirələrini bölüşüm, bu hadisələrin Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarəzinin ən vacib mərhələsi olduğunu bildirib və hal-hazırda uğurla inkişaf edən müstəqil Azərbaycan Respublikasının gücləndirilməsi üçün səyləri əsirgəməməyə çağırıblar.

Sonra Qanlı Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilib. Tədbirin sonunda Qanlı Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti