...

Bolqarıstan mediası: 20 Yanvar Azərbaycan xalqının şüurunda dönüş nöqtəsi oldu

Cəmiyyət Materials 20 Yanvar 2017 17:34 (UTC +04:00)
Bolqarıstanı mediasında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar məqalə dərc olunub.
Bolqarıstan mediası: 20 Yanvar Azərbaycan xalqının şüurunda dönüş nöqtəsi oldu

Bakı. Trend:

Bolqarıstanın aparıcı xəbər agentliklərindən olan “Focus” xəbər agentliyinin internet saytında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, siyasi elmlər doktoru Ramiz Sevdimaliyevin "Yanvar faciəsi Azərbaycan xalqının şüurunda dönüş nöqtəsi oldu" başlıqlı müsahibəsi dərc olunub.

Müəllif qeyd edir ki, 20 yanvar 1990-cu il tarixi hər bir Azərbaycanlının tarixi yaddaşında ümumxalq hüzn günü kimi qalıb. Həmin tarixdə SSRİ rəhbərliyinin qərarı ilə Bakı və Azərbaycanın digər bölgələrinə Sovet ordusunun böyük heyəti, daxil qoşunların bölmələri və xüsusi təyinatlı dəstələri daxil olmuşdur. Qoşunların yeridilməsi mülki əhaliyə qarşı xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunurdu. Əsas faciə Bakıda yaşandı. Şəhər hər tərəfdən mühasirəyə alınmışdı. Kod adı “Zərbə” olan əməliyyata Pskov, Ryazan və Tula hava desant qüvvələri, o cümlədən 76-cı hava desant diviziyası, 56-cı hava hücum briqadası və 106-cı hərbi desant diviziyası cəlb olunmuşdu. Ümumiyyətlə, Bakı ətrafında Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi bölgələrin, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hissələrinin 50 mindən çox əsgər cəmləşmişdi. Bakı buxtası və ona yaxın ərazilər Xəzər Hərbi Donanmasının gəmiləri və katerləri tərəfindən bağlanmışdı. Yanvarın 19-dan 20-nə keçən gecə şəhərə hər tərəfdən tanklar, zirehli hərbi daşıyıcılar daxil olaraq şəhərdə əsl qırğın törətdilər. Tanklar və zirehli hərbi daşıyıcılar insanların üzərindən keçirdilər. Sovet və rus kinorejissoru Stanislav Qovoruxin yazırdı ki, “Sumqayıt yolunun kənarında dayanmış minik maşını tank kolonnasının keçib getməsini gözləyirdi. Həmin maşında Elmlər Akademiyasının üç alimi, biri qadın olmaqla üç professoru vardı. Birdən tanklardan biri kolonnadan ayrılaraq həmin maşının üstündən keçdi, maşındakı bütün sərnişinlər tankın altında qaldı”.

Müəllif yazır ki, əsgər və zabitlərin vəhşiliyi məhdudiyyət tanımırdı. Ordu ən müasir hərbi vasitələrdən istifadə edirdi. Faciənin araşdırılması üzrə Azərbaycan Ali Sovetinin Komissiyasının yekununa görə bu cinayət əməliyyatı nəticəsində müxtəlif millətlərdən – Azərbaycan, rus, yəhudi, tatar və s. olan 131 mülki şəxs öldürülmüşdür. Bunlardan 124-ü kişi, 7-si qadın və 7-si yetkinlik yaşına çatmamış uşaq idi. 744 nəfər xəsarət almış, 841 nəfər həbs olunmuşdu. 200 ev, təcili tibbi yardım maşını da daxil olmaqla 80 avtomaşın yandırılmış və dağıdılmışdı.

Kinorejissor S.Qovoruxin həftəlik çıxan “Moskva xəbərləri” qəzetinin18 fevral 1990-cı il tarixli 7-ci sayında qoşunların Bakıya daxil olması ilə bağlı “Təlim?” məqaləsində yazırdı ki, “19-dan 20-ə keçən gecə qoşunlar şəhərə daxil oldular. Lakin Sovet Ordusu sovet şəhərinə daxil oldu... işğalçı ordusu kimi”. Doğrudan da, hərbi əməliyyatların miqyası, qəddarlıq dərəcəsi və edilən cinayətlərin xarakterinə görə Bakıdakı hərbi aksiya müdaxilə Sovet qoşunlarının 1956-cı ilin noyabrında Macarıstana və 1968-ci ilin avqustunda Çexoslovakiyaya edilən müdaxilə ilə oxşar idi. Yalnız fərq ondan ibarət idi ki, Macarıstan və Çexoslovakiya müstəqil ölkələr idilər, Azərbaycan isə ittifaq respublikası idi. Bu onu göstərir ki, rəhbərlikdəki dəyişikliklərə və onlar tərəfindən bəyan edilən siyasətə baxmayaraq, sovet totalitar rejiminin ideoloji maşını və cəza sistemi dəyişməz olaraq qalmışdı – silahdan istifadə etməklə mülki əhali üzərində qəddar zorakılıq.

Alim qeyd edir ki, Bakıya hücum mərkəz tərəfindən ittifaq respublikasının ərazisinin işğalı və öz xalqına qarşı təcavüzkarlıq idi. Eyni zamanda sovet rəhbərliyi tərəfindən öncədən düşünülmüş və planlaşdırılmış cəza aksiyası idi. Müəllif bunu belə izah edir: “Birinci, sovet siyasi və iqtisadi sistemi ağır böhran vəziyyətində idi. Qorbaçovun hakimiyyətə gəlişi ilə bu böhran daha da dərinləşdi. Belə vəziyyətdə SSRİ adlı bir zamanlar güclü bir imperiyanın periferiyalarında rəsmi Moskvanın təkidi ilə separatçı hərəkatlar baş qaldırmağa başladı. Bu siyahıda birincilik Dağlıq Qarabağ Muxtar Vilayətində məskunlaşan etnik ermənilərə məxsus oldu. Onlar SSRİ və Azərbaycan SSR-nin konstitusiyalarına zidd olaraq Azərbaycanın tərkibindən çıxdıqlarını və Ermənistana birləşdiklərini bəyan etdilər. Azərbaycanın Dağlıq Qarabağ regionunun separatçıları rəsmi Yerevan və Ermənistan cəmiyyəti tərəfindən müdafiə olunurdu. Bundan əlavə, Ermənistan özü Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və qısa müddətdə 250 mindən artıq yerli Azərbaycan əhalisini öz tarixi torpaqlarından deportasiya etdi.

R.Sevdimaliyev bildirir ki, qoşunların Bakıya daxil olması Dağlıq Qarabağ problemi, azərbaycanlıların Ermənistandan deportasiyası və Mərkəz tərəfindən silsilə təxribatçı fəaliyyətlər fonunda həyata keçirildi. R.Sevdimaliyev o zaman – 1990-cı il yanvar əvvəlindən SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Y.Primakov, KP MK-nin katibi A.Qirenko, eləcə də digər xüsusi xidmət orqanları rəhbərlərinin Bakıda olmasına diqqət çəkir. Müdafiə naziri Yazov və daxili işlər naziri Vadim Bakatin 19 yanvarda əməliyyata bilavasitə rəhbərlik etmək məqsədilə Bakıya gəlirlər. Bütün bunların təsadüf olmadığını söyləyən alim Bakıya qoşun yeridilməsinin öncədən planlaşdırılmış və hazırlanmış aksiya olduğunu bir daha vurğulayır.

Əməliyyatlarının başlanğıcı üçün siqnal “Alfa” qrupu tərəfindən 19 yanvar saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunun partladılması oldu. Televiziya verilişlərinin yayımı dayandı, əhali məlumat əldə etmək mənbələrindən məhrum oldu. Respublika xaricdən təcrid olundu. Həmin gün M.Qorbaçov Ali Sovetin razılığı olmadan 20 yanvar saat 00.00-dan etibarən Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə Fərman imzaladı. Televiziya və radionun yayımı dayandığından əhali fövqəladə vəziyyətin tətbiqindən xəbərsiz idi. Eləcə də, şəhərə qoşunların yeridilməsi əhaliyə xəbərdarlıq edilmədən baş vermişdi. Fərmanın qüvvəyə minməsinədək artıq 9 adam öldürülmüşdü.

Müəllif 20 yanvar 1990-cu il tarixini - Qara Yanvarı – Azərbaycan xalqının şüurunda dönüş nöqtəsi kimi qiymətləndirir. SSRİ rəhbərliyinin gözləntilərinə baxmayaraq, totalitar rejimin hərbi maşını Azərbaycan xalqının əzmini qıra bilmədi. Bu ağır günlərdə Azərbaycan xalqı müstəsna iradə, mərdlik, dəyanət və milli ruh nümayiş etdirdi. Faciə zamanı öldürülən insanlar müstəqillik uğrunda mübarizə qəhrəmanları olaraq dəfn edildilər. Yanvar hadisələri SSRİ rəhbərliyinə göstərdi ki, silahsız əhalinin birliyi totalitar rejimi devirməyə qadirdir. SSRİ rəhbərliyi başa düşürdü ki, imperiyanın süqutu qaçılmazdır. Sonrakı hadisələr bu qorxuları təsdiqlədi və 1991-ci ilin sonunda SSRİ süqut etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti