...

Deputat: Prezidentin fərmanı məcburi köçkünlərin sosial vəziyyətini yaxşılaşdıracaq

Cəmiyyət Materials 24 Yanvar 2017 10:58 (UTC +04:00)
Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan insanların sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımdır.
Deputat: Prezidentin fərmanı məcburi köçkünlərin sosial vəziyyətini yaxşılaşdıracaq

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan insanların sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımdır. Bunu Trend-ə Milli Məclisin deputatı Aqil Abbas deyib.

A.Abbas bildirib ki, birincisi, bundan sonra məcburi köçkünlərin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərdən istifadəsi xeyli asanlaşacaq: “Tutaq ki, indiyə qədər məcburi köçkünlər kommunal xərclər üçün ödənişlərdən istifadə etmək üçün müvafiq qurumdan arayış almalı idilər, lakin bundan sonra heç bir arayış almağa ehtiyac qalmayacaq, həmin pul birbaşa məcburi köçkünün kartına köçürüləcək. Hər bir məcburi köçkün ailəsi biləcək ki, onun kartına nə qədər pul ayrılır və bu pulu necə xərcləyəcəklərini özləri müəyyən edəcəklər”.

Deputat əlavə edib ki, digər tərəfdən, məcburi köçkünlər kommunal xidmətlər üçün dövlət tərəfindən ayrılan puldan tam istifadə etmirdilər, xüsusən də yay aylarında bu qalıqlar xeyli yığılırdı, lakin məcbur köçkünlər bu vəsaitdən istifadə edə bilmirdilər: "Bundan sonra həmin vəsait onlara ödəniləcək. Yerdə qalan məbləğ isə məcburi köçkünlərin özlərində qalacaq və bu vəsaiti onlar istədikləri kimi xərcələyə biləcəklər. Bu, məcburi köçkünlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan addımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti