...

Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib

Cəmiyyət Materials 3 Fevral 2017 20:03 (UTC +04:00)
Alimlər Evinin təşkilatçılığı ilə akademik Kamal Abdulla ilə görüş keçirilib.
Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib

Bakı. Trend:

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Alimlər Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, yazıçı-publisist, akademik Kamal Abdulla ilə görüş keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Alimlər Evində müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Akademik K.Abdullanın zəngin elmi və ədəbi yaradıcılığından, səmərəli ictimai fəaliyyətindən danışan İ.Həbibbəyli alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmalarından, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatlarından söz açıb.

K.Abdullanın yaradıcılığına böyük marağın olduğunu qeyd edən İ.Həbibbəyli onun əsərlərinin türk, rus, fransız, ingilis, gürcü, portuqal, yapon və başqa dillərə tərcümə edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, akademik Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” mövzusunda doktorluq dissertasiyası Azərbaycan dilçilik elmində sintaksisin təhlilində yeni mərhələ kimi dəyərləndirilib.

Akademik K.Abdullanın ictimai və elmi, bədii fəaliyyəti barədə geniş məlumat verən AMEA-nın vitse-prezidenti onu yazıçı, publisist, dilçi alim, ədəbiyyatşünas, tərçüməçi kimi xarakterzə edib. K.Abdullanın yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaların, məqalələrin mühüm yer tutduğu vurğulanıb.

Tədbirdə çıxış edən akademik K.Abdulla elmi və ədəbi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, müxtəlif janrda yazdığı bədii əsərlərindən söz açıb. O, yaradıcılğında bır sıra əsərlərin, xüsusilə “Dilçiliyə səyahət” (Dilçi olmayanlar üçün dilçilik) kitabının və “Yarımçıq əlyazma” romanının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, “Dilçiliyə səyahət” kitabında dilçi olmayanlar üçün dilçilik elminin sirləri barədə məlumat verilir. Əsərdə yaradılmış bədii obrazlar vasitəsilə və ya onların hərəkətlərini, davranışlarını izləməklə dilçilik elminin bir çox problemlərinə toxunulur. Kitab görkəmli Azərbaycan dilçiləri Məmmədağa Şirəliyevin, Muxtar Hüseynzadənin və Əbdüləzəl Dəmirçizadənin xatirəsinə ithaf olunub.

Akademik qeyd edib ki, “Yarımçıq əlyazma” romanı Azərbaycanda haqqında ən çox rəy və təhlil yazılan əsər sayılıb, bir çox mükafatlar qazanıb. Roman indiyədək dünyanın bir çox dillərinə çevrilərək çap edilib. Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab da “Yarımçıq əlyazma” əsəridir.

Məqsədyönlü fəaliyyət nəticəsində multikulturalizmin bu gün ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən akademik K.Abdulla hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda yaşayan xalqların dillərinin qorunması, mədəniyyətlərinin inkişafı istiqamətində böyük işlər görüldüyünü söyləyib.

Akademik K.Abdulla diqqətə çatdırıb ki, dövlətimizin başçısının müvafiq sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini “Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. Bu istiqamətdə yeni hədəflər gələcəkdə Azərbaycan mədəniyyətinin də yeni müstəvidə özünü göstərməsinə gətirib çıxaracaq.

AMEA-nın müxbir üzvləri Möhsün Nağısoylu, Muxtar İmanov, sənətşünaslıq doktoru Kübra Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova və digər çıxış edənlər akademik K.Abdullanın Azərbaycan dilinin sintaksisinə dair elmi araşdırmalarından, umumilikdə dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən, alimin yüksək mənəvi keyfiyyətlərindən söz açıblar.

Tədbir çərçivəsində akademik K.Abdullanın əsərlərindən ibarət sərgi təşkil olunub, görkəmli yazıçının həyat və yaradıcılığından bəhs edən film göstərilib. Sərgidə alimin müəllifi olduğu kitablarla yanaşı haqqında yazılmış monaqrafiyalar və dövri mətbuat yazıları da nümayiş etdirilib.

Sonda akademik K.Abdulla iştirakçıların suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti