...

Qoruq statuslu digər vulkanlarda vəziyyət açıqlandı

Cəmiyyət Materials 7 Fevral 2017 13:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qoruq statuslu palçıq vulkanlarındakı vəziyyəti dəyərləndirib.
Qoruq statuslu digər vulkanlarda vəziyyət açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qoruq statuslu palçıq vulkanlarındakı vəziyyəti dəyərləndirib.

ETSN-nin vulkanlar qoruğunun direktoru Ceyhun Paşayev Trend-ə bildirib ki, Otman-Bozdağ palçıq vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanında aktivləşmə ehtimalı artıb. Lakin hazırda digər qoruq statuslu palçıq vulkanlarında aktivlik müşahidə olunmur.

Otman-Bozdağın yaxınlığındakı palçıq vulkanında aktivləşmə ehtimalının artması səbəbi haqqında danışan C.Paşayev qeyd edib ki, ümumilikdə bir palçıq vulkanın aktivləşməsi digər palçıq vulkanın aktivləşməsinə bilavasitə təsir etmir. Sadəcə olaraq, ümumi tektonik planda götürülsə, eyni çat sistemləri üzərində yerləşən palçıq vulkanları bir-biri üçün müəyyən aktivlik yarada bilər:

“Amma bu da ehtimaldır. Çünki palçıq vulkanı tektonik seysmoloji prosesdir və onun püskürməsi də daha çox ehtimallar üzərində qurulur. Heç bir palçıq vulkanının stabil püskürmə periodu yoxdur”.

C.Paşayev qeyd edib ki, palçıq vulkanlarının püskürməsinin ən birinci səbəbi vulkanların ocağında illərlə toplanmış qaz kütlələrinin yüksək təzyiq altında Yer səthinə çıxmasıdır:

“Palçıq vulkanın püskürməsi üçün 1-ci səbəb həmin ərazinin neft-qazlı olmasıdır. Tektonik pozulmaların mövcudluğu, geoloji kəsilişin üst hissəsində qalın çökmə qatının olması, üst hissədə böyük qalınlıqlı gil qatlarının olması və diaprizm prosesidir. Bu səbəblərin hamısı bir-biri ilə əlaqəlidir”.

Qeyd edək ki, Otman-Bozdağ palçıq vulkanı Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nömrəli sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun daimi istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti