...

Təhlükəsiz internet günü ilə bağlı videokonfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2017 17:23 (UTC +04:00)
“Elektron Hökumət” Təlim-Tədris Mərkəzində “Təhlükəsiz internet günü” və “Fərdi məlumatların mühafizəsi günü” münasibəti ilə videokonfrans keçirilib.
Təhlükəsiz internet günü ilə bağlı videokonfrans keçirilib  (FOTO)

Bakı. Trend:

Bilik Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) birgə təşkilatçılığı ilə bu gün nazirliyin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində “Təhlükəsiz internet günü” və “Fərdi məlumatların mühafizəsi günü” münasibəti ilə videokonfrans keçirilib.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi videokonfransda “Yaxşı İnternet üçün birləşək” şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi” mövzusunda müzakirələr aparılıb.

RYTN-nin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzinin direktor müavini vəzifəsini icra edən Rauf Cabarov Təhlükəsiz internet günü barədə ətraflı məlumat verərək mərkəzin fəaliyyəti barədə danışıb.

Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev Fondun müxtəlif sahələrdə həyata keçirdiyi maarifləndirici layihələrdən bəhs edib. Bu layihələrə bölgə əhalisinin birbaşa cəlb olunması üçün Mərkəzin yaratdığı şəraiti yüksək qiymətləndirən İ.Vəliyev elmi nailiyyətlərin geniş auditoriyaya çatdırılması və interaktivliyin təmin olunması üçün bu platformanın üstünlüklərini vurğulayıb.

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndələri tədris prosesində istifadə olunan elektron resurslar, internetdə təhlükəsizlik qaydaları haqqında geniş məlumat veriblər. Videokonfransda Bakı məktəbliləri ilə yanaşı, iştirak edən Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ məktəbliləri və müəllimləri onları maraqlandıran suallara cavab alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti