...

AMEA ilə media arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2017 16:04 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında media rəhbərləri ilə AMEA rəhbərliyi arasında görüş keçirilib.
AMEA ilə media arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında media və AMEA rəhbərliyi arasında görüş keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib ki, görüşün məqsədi akademiya ilə media qurumları arasında əlaqələrin genişləndirilməsidir.

İ.Həbibəyli bildirib ki, Akademiya ilə media qurumları arasında informasiya mübadiləsinin aparılması həm cəmiyyət üçün, həm də Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından çox faydalı nəticələr verə bilər:

“Akademiya daxilində baş verən faydalı proseslər barəsində, alimlərin kəşfləri haqqında məlumatların cəmiyyətə çatdırılmasında media mühüm rol oynaya bilər. Eyni zamanda akademiya öz informasiya resursları ilə mediaya köməklik göstərə bilər”.

Görüşdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bütün problemlərə elmin süzgəcindən keçirməklə baxmalıyıq: “Bu baxımdan akademiya ilə media arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Akademiyada baş verən elmi proseslərin, nailiyyətlərin cəmiyyətə, beynəlxalq ictimaiyyətə çatdırılmasında media mühüm töhfə verə bilər”.

Ə.Amaşov bildirib ki, akademiya ilə media arasında əməkdaşlıq insanların kitablara marağının artırılması baxımından da vacibdir: “İnsanlar kitaba qayıtmalıdır, kitab oxumağa həvəsləndirilməlidir. Biz bu sahəfə maarifləndirmə işi aparmalıyıq. Eyni zamanda qəzetlərin müəyyən nüsxələrinin kitbaxanalara çatdırılması, jurnalistlərin kitabxanalara girişinin asanlaşdırılması vacibdir. Bu, həm də jurnalistlərin kitabxanalara bağlılığını gücləndirər, hər hansı faktları dəqiqləşdirmək üçün kitabxanalara müraciət etməsinə şərait yarada bilər”.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafında Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, ictimai fikrin formalaşmasında medianın mühüm rolu var: “Elmlər Akademiyası mühüm işlər görür, alimlər kəşflər edir, lakin bu işlərin mediada təbliğini az görürük. Bu da akademiya ilə media arasında əlaqələrin o qədər də möhkəm olmamasından irəli gəlir. Biz bu sahədə bir çox tədbirlər, konfranslar həyata keçiririk. Eyni zamanda jurnalistlər alimlərin araşdırmalarından istifadə edir. Bundan sonra akademiya ilə media arasında əlaqələri genişləndirəcəyik. Bundan həm akademiya işçiləri, həm alimlər, həm də jurnalistlər faydalanacaq”.

Tədbirdə çıxış edən digər iştirakçılar da media ilə akademiya arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti