...

Bakı-Şamaxı yolu yenidən qurulur (VİDEO/FOTO)

Cəmiyyət Materials 9 Fevral 2017 10:29 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik (77.7 km) hissəsinin I texniki dərəcəyə uyğun olaraq, 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsi icra olunur.
Bakı-Şamaxı yolu yenidən qurulur (VİDEO/FOTO)

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik (77.7 km) hissəsinin I texniki dərəcəyə uyğun olaraq, 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsi icra olunur.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3,75 m, ayrıcı zolağın eni 5 m, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 m-dir. Yol geyiminin qalınlığı 1 m 16 sm-dir - hamarlayıcı lay 50 sm, əsasın qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layının qalınlığı isə 15 sm, bitumlu əsas layının qalınlığı 19 sm, əlaqələndirici asfalt layının qalınlığı 6 sm, üst aşınma layının qalınlığı 4 sm-dir. Ümumilikdə, yol örtüyünün əsası (asfalt-beton örtük) 29 sm təşkil edəcək.

Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur: 1-ci 13.3-15.1 km, 2-ci 15.1-44.6 km, 3-cü 44.6-67.5 km, 4-cü 67.5-91.0 km. Yolun 44.6-67.5-ci km-lik (22.9 km) hissəsi (Cəngi-Qobustan) üzrə yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun tikintisinə 2013-cü ilin avqust ayında başlanılıb. Yol boyu 42 ədəd dairəvi boru, 6 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa olunub. Bundan başqa, yolun 56-cı km-də, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi də inşa olunub. Metal konstruksiyalı keçidin uzunluğu 31 m, eni isə 2,7 m-dir.

Yolun 62.9-cu km-də, Ceyrankeçməz çayı üzərində 47.5 m uzunluğunda yeni avtomobil körpüsünün və 6 yerdə geri dönmə hissəsinin tikintisi də başa çatdırılıb. Layihənin 13.3-15.1-ci km-lik (1.9 km) hissəsində (Müşfiqabad qəs.) yerinə yetişdirilmiş iş həcmi 19 faiz təşkil edir. Burda tikinti işlərinə 2016-cı ilin avqist ayında start verilib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə yolun genişləndirilməsi, avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4.5 m enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 m uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetirilir.

Bundan başqa, su keçidi və metal konstruksiyalı 2 ədəd yerüstü piyada keçidi inşa edilir, həmçinin piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1.5 m enində səkilərin də tikintisi nəzərdə tutulub. Layihənin 15.1-44.6-cı km-lik (29.6 km) hissəsində (Müşviqabad-Cəngi) tikinti işlərinə 2011-ci ilin avqust ayından başlanılıb. Bu günə qədər yerinə yetirilmiş iş həcmi 68 faiz təşkil edir. Layihə üzrə bu hissədə 35 ədəd dairəvi borunun, 9 ədəd düzbucaqlı su keçidinin, 4 ədəd alt keçidin, 5 ədəd geri dönmə hissələrin, 26 ədəd drenaj boruların və Pirəkəşkül qəsəbəsi ərazisində 1 ədəd metal konstruksiyadan ibarət yerüstü piyada keçidinin tikintisi işləri aparılmalıdır. Hazırda bu hissədə mövcud yolun 15-22-ci km-də deformasiyaya uğrayan hissələrin yenidən qurulması və su ötürücü boruların tikintisi işləri aparılır. Layihənin 67.5-91.0 km-lik (23.5 km) hissəsində isə (Qobustan-Bədəlli) tikinti işlərinə 2013-cü ilin dekabr ayında başlanılıb və yerinə yetirilmiş işlərin həcmi 74 faizdir. Yolun 68.4-cü km-də, Ceyrankeçməz çayı üzərində 2-ci avtomobil körpüsünün də inşası bitib. Körpünün uzunluğu 54.1 m təşkil edir.

Layihə üzrə sözügedən hissədə 46 ədəd dairəvi borudan 17-i, 3 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa edilib. Hazırda torpaq yatağının, yol geyiminin dənəvər laylarının, asfalt-beton layların, suötürücü boruların, yeraltı keçidlərin tikintisi işləri görülür. Sözügedən hissədə 5 ədəd yerüstü piyada keçidinin quraşdırılması nəzərdə tutulub. Hazırda keçidlərin tikintisi ilə əlaqədar işlərə başlanılıb. Magistral yolun 70-ci km-də sürüşməyə meyilli sahədə svay işləri, əsasın alt materiallarının sərilməsi və asfalt-beton işləri davam etdirilir.

Ümumilikdə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik hissəsində layihə çərçivəsində 123 ədəd dairəvi boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 ədəd yeraltı keçid və 26 ədəd drenaj boru olmalıdır. Həmçinin yol boyu zəruri olan ərazilərdə 8 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır. Bundan başqa, layihə üzrə 11 ədəd geri dönməni təmin etmək üçün xüsusi hissə və Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü də var. Yaxın müddət ərzində isə yolun 91-107 km-lik (16 km) hissəsinin də yenidən qurulmasına başlanılacaq.

Qeyd edək ki, regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti