...

BDU-da doktorant və dissertantlarla görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Fevral 2017 16:08 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə bu il doktoranturaya qəbul edilmiş doktorant və dissertantlarla görüşüb.
BDU-da doktorant və dissertantlarla görüş keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə bu il doktoranturaya qəbul edilmiş doktorant və dissertantlarla görüşüb.

Universitetin mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bu il təbiət və fundamental, sosial və humanitar elmlər sahəsində elmlər doktoru proqramı üzrə 15 nəfər, fəlsəfə doktoru proqramı üzrə 160 nəfərin doktoranturaya qəbul olduğun deyən rektor onları təbrik edərək tövsiyə və tapşırıqlarını verib.

BDU-nun dünyanın bir sıra qabaqcıl elm və tədris müəssisələri ilə əməkdaşlıq etdiyini, hər il ümimi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dan çox yerli, beynəlxalq proqram və qrantlarda iştirak etdiyini deyən rektor, doktorantları bu layihələrə qatılmağa çağırıb. Ötən ildən başlayaraq Azərbaycan alimlərinə Tomson Röyter Agentliyinin elmi bazasından istifadə imkanlarının yaradıldığını deyən rektor doktorantlara bu bazadan yararlanmağı məsləhət görüb. Eyni zamanda doktorantların elmi rəhbər məsələsinə toxunan rektor bildirib ki, dünya elminə inteqrasiya, innovativ istiqamətlərin inkişaf etdirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə artıq BDU-da hər bir doktoranta biri xarici ölkədən olmaqla iki elmi rəhbərin və ya məsləhətçinin təyin olunması təcrübəsi formalaşıb və bu il də bu təcrübənin davam etdirilməsi məqsədəuyğun hesab edilir. Fakültə dekanlarına və kafedra müdirlərinə bu məsələdə doktorantlara yardımçı olmağı tapşıran rektor qeyd edib ki, dissertasiya movzuları muəyyənləşdirilərkən, еlmin, təhsilin muasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, təhsil islahatları, dovlətin elm və təhsil sahəsindəki siyasəti, habelə kafеdranın еlmi-tədqiqat işlərinin əsas istiqamətləri nəzərə alınmalı və mövzular kafedra iclaslarında ətraflı müzakirə edilərək təsdiq olunmalıdır. Doktorantların elmi fəaliyyəti və aldığı nəticələr hər ilin sonunda kafedra iclaslarında müzakirə edilərək qiymətləndirilməli, onların aldığı elmi nəticələrin konfranslarda məruzə edilməsi və elmi jurnallarda çap edilməsi təmin edilməlidir. Rektor həmçinin qeyd edib ki, ehtiyac yarandıqda təcrübə mübadiləsi və elmi-tədqiqat işi aparmaq üçün doktorantların xarici ölkələrə ezam edilməsi, o cümlədən xarici ölkələrdən olan elmi rəhbərlərin ölkəmizə dəvəti, onların elmi müzakirələrdə və müdafiə proseslərində iştirakları universitet tərəfindən qarşılanacaq.

Sonra BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, Magistratura və Doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər veriblər.

Qeyd edək ki, son illər BDU-da elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin hələ tələbəlik illərindən elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə bir sıra islahatlar və intensiv işlər aparılır. Bu işlərin davamı kimi bu tədris ilində 600-dən yuxarı bal toplayaraq universitetə qəbul olunmuş, o cümlədən elmi işə xüsusi maraq göstərən tələbələrin birinci kursdan başlayaraq elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə onların hər birinə professor-müəllim və elmi işçilər sırasından elmi rəhbərlər təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti