...

Aztəminatlı ailələrin fərdi təsərrüfatları yaradılır (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2017 16:09 (UTC +04:00)
Aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.
Aztəminatlı ailələrin fərdi təsərrüfatları yaradılır  (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində ilk tədbir olaraq Tərtər, Hacıqabul və Laçın rayonları üzrə bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilib.

Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkili Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Olqa Kulayevanın videomüraciəti olub. Azərbaycanda aktiv əmək bazarı proqramlarının genişləndirilməsini yüksək dəyərləndirən O.Kulayeva ölkəmizdə özünüməşğulluq proqramının icrasının BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıb. O, proqramın uğurlu nəticələr verəcəyinə, mal və materiallarla təmin olunan insanların fərdi təsərrüfatlarını inkişaf etdirərək gələcəkdə uğurlu ailə bizneslərini quracaqlarına əminliyini ifadə edib.

Daha sonra digər çıxışlar olub. Bildirilib ki, Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası istiqamətində nazirliyin “İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili Tələbləri” əsasında mərhələli şəkildə işlər aparılıb. İlk mərhələdə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən, 2016-cı ilin 01 aprel tarixinədək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər seçilərək biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Təlim kurslarında BƏT-in baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən iştirakçılara biznes fəaliyyətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib.

İştirakçılardan 1789 nəfəri kursları uğurla başa vurub. Onların hazırladıqları biznes-planların qiymətləndirilməsi biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyektiv və tam şəffaf şəraitdə keçirilib. Qiymətləndirmədə kursları bitirənlərdən 07 fevral 2017-ci il tarixə 80 faizinin biznes planları müsbət dəyərləndirilib. Uğurlu hesab edilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrinə aiddir.

Artıq 10 rayon (Laçın, Tərtər, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay) üzrə ümumilikdə 126 nəfər iştirakçının biznes planlarının reallaşdırılması üçün tələb olunan aktivlərin alınaraq iştirakçılara təqdim olunması prosesinə başlanılıb. Həmin rayonlardan Laçın rayonu üzrə 12 nəfər, Tərtər rayonu üzrə 11 nəfər, Hacıqabul rayonu üzrə 8 nəfər, ümumilikdə 31 nəfər iştirakçıya biznes planlarına uyğun olaraq fərdi təsərrüfatlarının qurulması üçün mal və materiallar alınıb verilib. Bu proses ölkənin digər rayon və şəhərlərində də davam etdiriləcək.

Tədbirdə özünüməşğulluq proqramının iştirakçısı olan II qrup Qarabağ müharibəsi əlili Əli Əsədov bildirib ki, ailəsi 7 nəfərdən, o cümlədən 2 nəfər azyaşlı uşaqdan ibarətdir: “Prezidentin məlum Sərəncamı hər bir vətəndaşın rifah halının yaxşılaşdırılmasının ölkə rəhbərinin siyasətinin mərkəzində durduğunu bir daha təsdiq edir. Bu Sərəncam bizlərə ailə gəlirlərimizi artırmaq üçün güclü dəstəkdir. Çalışacağıq ki, bu imkandan maksimum faydalanaq, verilmiş mal və materiallardan səmərəli istifadə edək”.

Tədbir iştirakçıları Tərtər rayonunun Seydimli kənd sakinləri Səbinə Məmmədovanın, Leyla Abdullayevanın, Qaradağlı kənd sakini Məmmədəli Məmmədovun, Təzəkənd kənd sakini Habil Zalovun özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar alınıb verilməklə yeni qurulmuş fərdi heyvandarlıq təsərrüfatları ilə tanış olublar.

Proqram çərçıvəsində növbəti tədbir Hacıqabul rayonunda keçirilib və rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun iştirakı ilə həmin rayonda özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmuş Qarabağ müharibəsi veteranı Akif Qədirovun, Fuad Mehdiyevin və Firuzə Nuriyevanın fərdi təsərrüfatlarına ilə tanışlıq olub.

A.Qədirov 4 nəfərlik ailəsinin bu yeni təsərrüfatı inkişaf etdirmək üçün yaxşı imkanlarının olduğunu vurğulayıb: “Ailəmizin fermer təsərrüfatını qurmaq çoxdankı arzum idi, lakin bunun üçün ilkin vəsaitimiz yox idi. Özüm də rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda idim. Özünüməşğulluq proqramı barədə öyrənəndən sonra həmin proqramda iştirak etmək üçün Məşğulluq Mərkəzinə müraciət etdim. Çox obyektiv və ədalətli şəkildə seçim edildi və mən iki aylıq kursa cəlb olundum. Fermer təsərrüfatı qurmaq və onu inkişaf etdirmək üçün bu kursda çox şey öyrəndim. İndi də, budur, artıq mənim ailəmin öz fərdi təsərrüfatı var”.

Özünüməşğulluq proqramı çərçivəsində 1500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulması yolu ilə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğu təmin olunacaq. Həmin insanların ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də təsərrüfatlarını necə idarə etdikləri müşahidə altında saxlanılacaq. Müvafiq hallarda onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün lazımi məsləhətlər, tövsiyələr veriləcək, bunun üçün zəruri işlər aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti