...

Azərbaycanda yeni Tvinninq layihəsinin icrasına başlanılıb

Cəmiyyət Materials 14 Fevral 2017 11:42 (UTC +04:00)
“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin icrasına başlanılıb.
Azərbaycanda yeni Tvinninq layihəsinin icrasına başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin icrasına başlanılıb.

Trend-in məlumatına görə, layihənin təqdimat məradimində çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, layihənin tərəfdaşları Litvanın Dövlət Katibliyi və Azərbaycan DİM-dir. Layihənin ümumi məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

Layihənin əsas məqsədi DİM-in malik olduğu alətlərin və potensialın artırılması, fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vəzifələrin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.

M.Abbaszadə bu layihənin dövlət qulluğu sahəsi üzrə islahatların davam etdirilməsinə təkan verəcəyinə əmin olduğunu deyib. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Aİ tərəfindən maliyyələşdirilən və iki il müddət üçün nəzərdə tutulan layihənin büdcəsi 1.2 milyon avrodur.

M.Mard qeyd edib ki, Avropa Komissiyasının təşəbbüsü olan Tvinninq aləti 1998-ci ildə namizəd ölkələrin Aİ-yə inteqrasiya prosesini dəstəkləmək məqsədilə başlanılıb. Tvinninq Avropa Qonşuluq və Əməkdaşlıq Aləti kimi Azərbaycanda 2006-cı ildən həyata keçirilir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Aİ-yə üzv ölkələrin və benefisiar ölkənin dövlət sektoru təcrübəsini bir araya gətirir.

M.Mard deyib ki, Azərbaycanda indiyə kimi 25 Tvinninq layihəsi uğurla icra olunub, 10 Tvinninq layihəsi icra olunur, 10-u isə danışıqlar mərhələsindədir.

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsinin icrasının vacib olduğunu deyib: "DİM-in yaradılması bu sahənin daha da inkişaf etdirilməsinə, dünya standartlarına uyğunlaşdırılmasına böyük dəstək olacaq. Əminəm ki, layihə 2 ildən sonra uğurla başa çatdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti