...

Əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər e-xidmət əhalinin istifadəsindədir (FOTO)

Cəmiyyət Materials 15 Fevral 2017 14:48 (UTC +04:00)
Moldova nümayəndə heyəti üçün Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinə dair təqdimat keçirilib.
Əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər e-xidmət əhalinin istifadəsindədir (FOTO)

Bakı. Trend:

Moldova nümayəndə heyəti üçün Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinə dair təqdimat keçirilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin fəaliyyət sahələrində İKT-nin tətbiqi üzrə təcrübəni öyrənmək məqsədilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti üçün nazirliyin avtomatlaşdırılmış sistemlərinə dair təqdimat tədbiri keçirilib.

Tədbirdə ƏƏSMN-in İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov bildirib ki, sosial-iqtisadi sistemlərin müasir və şəffaf idarəetmə mexanizmləri əsasında qurulması ölkəmizin ümumi inkişaf modelinin mühüm tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, son illərdə əmək və sosial müdafiə sahələrində də informasiya kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqi nəticəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri yaradılıb: “Nazirliyin Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi müvafqi sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə və tam şəffaf şəkildə təşkil edilməsinə səbəb olub. Hazırda əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir. Onlar “Elektron Hökumət” portalında vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadırlar. Təkcə 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub”.

E.Məcidov qeyd edib ki, hazırda Azərbaycanın əmək və sosial müdafiə sahələrində elektron əsaslar üzərində qurulan şəffaf idarəetmə və xidmət sistemləri mötəbər beynəlxalq təşkilatlar tərəfindən dünyanın qabaqcıl təcrübələri kimi dəyərləndirilir. BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilərək təbliğ olunan bu sistemlərə maraq göstərən təşkilatların və ölkələrin sayı artır: “Bu günlərdə isə Dünya Bankının ekspert qrupunun müraciəti nəzərə alınmaqla, həmin təşkilatın Vaşinqton şəhərindəki (ABŞ) mərkəzi ofisi üçün nazirliyin ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) videokonfrans vasitəsilə geniş təqdimatı da keçirilib”.

L.Qreku Moldovada da İKT-nin fəaliyyət sahələrində tətbiqi proseslərinin genişləndirilməsi işlərinin aparıldığını, eyni zamanda Milli Sosial Sığorta Kassasının iş mexanizmlərinin elektron müstəvidə qurulmasının diqqətdə saxlandığını bildirib. O, bu sahədə Azərbaycanın uğurlu təcrübəsindən faydalanmağa xüsusi önəm verdiklərini vurğulayıb, bunun üçün belə bir təqdimat tədbirinin təşkilinə görə təşəkkürünü ifadə edib.

Təqdimat zamanı nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri, onların funksional strukturu, xidmətlərin elektron müstəvidə həyata keçirilməsinin texniki prosedurları və s. barədə nümayəndə heyətinə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Tədbir İKT-nin müvafiq iş sahələrində tətbiqi məsələlərinə dair müzakirələrlə davam edib.

Təqdimatdan razılıqlarını bildirən qonaqların səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Fondun Xəzər rayon şöbəsinin, habelə Müharibə və Əmək Əlilləri üçün Pansionatının, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olmaları da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti