...

Bakı Metropoliteni səyyar avadanlıq alıb (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2017 11:56 (UTC +04:00)
Bakı Metropoliteninin diaqnostika kompleksi daha bir səmərəli cihazla təmin edilib.
Bakı Metropoliteni səyyar avadanlıq alıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninin diaqnostika kompleksi daha bir səmərəli cihazla təmin edilib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, alınmış səyyar teplovizor kompleksin qeydə aldığı nəticələrin təkrar yoxlanılmasına şərait yaradıb. Bu da, məhlulvurma tələb olunan sahələrin daha tez aşkar olunmasına, inyeksiya keyfiyyətinə, işçi qüvvəsinə və vaxta bir daha qənaət edilməsinə imkan verir.

N.Paşayev bildirib ki, metropolitendə yeraltı qurğuların keyfiyyətinin qorunmasında çətinliklər, geofiziki təsirlər və hidrogeoloji mühitdən, habelə şəhərin inkişafı ilə bağlı texnogen proseslərdən asılıdır. Metro tunellərinin yaxınlığında aparılan nəhəng inşaat işləri tunel konstruksiyalarını deformasiya təhlükəsinə məruz qoya bilər. Buna görə də tunellərin mühafizəsi məqsədilə daha səmərəli tədbirlərin həyata keçirilməsi günün tələbidir. İlk növbədə tunellərin hermetikliyi təmin olunmalıdır.

Tunellərdə hermetikliyin pozulduğu nöqtələr özünü axıntılarla, süxur çıxıntıları ilə büruzə verir. Qeyd edək ki, tunel avadanlığı, yolun üst quruluşu elementləri üçün böyük təhlükə yaradan axıntılarla mübarizə Bakı Metropolitenində gündəlik aparılır. Hər həftə orta hesabla 60-70 yerdə axıntı ləğv olunur və onların sayı il ərzində 4 minə çatır. Bu isə il ərzində 2000 metr uzunluğunda ərazidə axıntıların ləğvinə bərabər bir işdir. Bununla yanaşı, 2014-cü ildə 5763, 2015-ci ildə 14844, 2016-cı ildə 16100 sıradan çıxmış suaxarı yenisi ilə əvəz edilib. Tunellərin hermetikliyinin pozulmasına səbəb olan amillərdən biri keyfiyyətini itirmiş tübinq boltlarıdır. 2014-cü ildə 100, sonrakı iki ilin hər biri üzrə 8 dəfə çox - 825 bolt dəsti dəyişdirilib. Ümumən, bu istiqamətdə bir sıra zəruri texnoloji proses yerinə yetirilir.

Müxtəlif diametrli tunelləri birləşdirən diafraqmaların tunellərin hermetikliyinin təmin edilməsində əhəmiyyətli rolu var. Keyfiyyətini itirmiş diafraqmalar layihə əsasında qurulmuş armatur karkasların betonla doldurulması yolu ilə gücləndirilir. 2014-cü və 2015-ci illərin hər birində 1, 2016-cı ildə isə 3 diafraqma dəmir-beton üsulu ilə gücləndirilib. Həmçinin, bu müddət ərzində "Bakı Metropoliteni" QSC-nin "Bakımetrolayihə" institutunun layihəsi əsasında metropolitenin ən ağır hidrogeoloji şəraitə malik sahələrindən biri olan "Xətai-Cəfər Cabbarlı" yol mənzilində 17 metr uzunluğunda tunel keçidinin dəmir-beton tübinq təbəqəsi əsaslı təmir edilərək gücləndirilib.

Tunellərdə tübinqlərin arxa mühitin möhkəmləndirilməsi hermetizasiya keyfiyyətinin yüksəldilməsinə xidmət edən ən təsirli vasitədir. Bunun üçün tunel geyimi arxasına müxtəlif bərkidici maddələr qatılmış sement məhlulu vurulur. Artıq iki ildir, öz sahəsində dünyada ən müasir fəaliyyət göstərən və unikal maşınlardan biri sayılan metropolitenin çoxfunksiyalı diaqnostika kompleksi tunellərin və yolun vəziyyətini qiymətləndirir.

Postsovet məkanı metropolitenlərinin və mütəxəssislərinin də diqqətini cəlb edən bu yenilik "Bakı Metropoliteni" QSC mütəxəssislərinin təklif və hazırladığı sistem əsasında Rusiyanın "Tvema" şirkəti ilə işbirliyi şəraitində həyata keçirilib. Bu məqsədlə diaqnostika kompleksi teplovizor avadanlığı və müvafiq proqramla təmin olunub. Bununla tunel geyimi və onun arxa sahəsindəki ərazi barədə vizual məlumat əldə etmək olur. Həmin məlumat əsasında tunelarxası sahədəki boşluqlar müəyyən edilir.

Qeyd edək ki, əvvəllər tübinqin arxa sahəsi axıntıların intensivliyi və bir də təcrübəli, praktik bilikləri olan mütəxəssislərin sırf intuitiv reaksiyası əsasında müəyyən edilirdi.

Lakin artıq bu sahədə elmi yanaşmanı tətbiq etmək mümkün olub. Bu yenilik sayəsində əsaslı səmərə əldə edilib. Çünki diaqnostika kompleksinin hər xəttə çıxması zamanı tunellərin arxa sahəsini də əyani müşahidə etmək olur. Nəticədə, məhlulvurmanın kəmiyyəti və keyfiyyətində sıçrayışlı dönüş yaranıb. Elmi yanaşma nəticəsində, daha vacib sahələr müəyyənləşib. Tunel arxası boşluğun və xüsusən də məhlulun vurulması üçün lazım olan nöqtələrin müəyyənləşdirilməsinə sərf edilən vaxt itkisinin qarşısı alınmaqla, yüksək səmərə əldə olunub. Bu operativliyi təmin etməklə işin sürətinə, keyfiyyətinə, təhlükəsizliyin gözlə görünən dəqiqlik səviyyəsinə çatdırılmasına, həmçinin məhlulvurmanın da səmərə və qənaətinə əsaslı təsir göstərilib.

Rusiyanın Dəmir Yol Nəqliyyatı Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri bununla bağlı Bakıda səfərdə olaraq, yeniliyi təqdirəlayiq sayıb, həmçinin bu təcrübənin öyrənilməsi məqsədilə birgə əməkdaşlıqla bağlı müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti