...

Aprel şəhidi olan heykəltəraşın sərgisinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2017 17:46 (UTC +04:00)
şəhid-heykəltəraş Samir Kaçayevin “Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomunun təqdimat mərasimi və əsərlərindən ibarət sərginin açılışı olub.
Aprel şəhidi olan heykəltəraşın sərgisinin açılışı olub (FOTO)

Bakı. Trend:

Bu gün “Xalq” Bankın “Şamaxı” filialında şəhid-heykəltəraş Samir Kaçayevin “Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomunun təqdimat mərasimi və əsərlərindən ibarət sərginin açılışı olub.

Bankdan Trend-ə verilən məlumata görə, 2016-cı il dekabrın 16-da “Xalq Əmanəti” layihəsi çərçivəsində “Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomu təqdim olunmuş və bankın Əsas binasında heykəltəraşın əsərlərinin sərgisi açılıb. Şəhid-heykəltəraşın yaradıcılığına marağın yüksək olması səbəbindən yanvar ayının sonunadək fəaliyyət göstərən sərginin Samir Kaçayevin doğulub boya-başa çatdığı Şamaxı rayonunda təşkil edilməsinə qərar verilib. 2017-ci il fevral ayının 21-də bədii albomun təqdimat mərasimi və gənc heykəltəraşın əsərlərindən ibarət sərginin açılışı bankın “Şamaxı” filialında keçirilib. Şamaxı rayonunun ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, həmyerliləri və dostlarının iştirak etdiyi tədbirdə Samir Kaçayevin yaradıcılığı, onun qısa, lakin zəngin həyatı haqda söz açılıb, xatirəsi yad edildib. Tədbirdə Şamaxı rayonu Ağsaqqallar şurasının sədri Mayıl Alcanov, mədəniyyət işçisi Rafail Tağızadə, Qobustan rayonu zayalıları adından Aftandil Şikarov, Çuxuryurd orta məktəbinin müəllimi Güntəkin Hümmətov, Samirin dostları və atası çıxış ediblər. Tədbirin sonunda qonaqlar sərgi salonunda Samir Kaçayevin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Samir Ziyatin oğlu Kaçayev 1994-cü il, mart ayının 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində sadə bir ailədə anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, plastilindən heykəlciklər düzəltməyi çox sevirdi. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olan Samir 2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini cəbhə bölgəsində keçirdi. Aprel ayının 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə rəşadət göstərən Samir Kaçayev ölümündən sonra “İgidliyə görə”medalı ilə təltif olunub. Samir yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olub: o, yaratdığı əsərləri ilə, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb. Nəşr olunan alboma gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işləri daxil edilib. Burada Samir Kaçayevin həyat və yaradıcılığının bütün mərhələləri əks olunub.

ASC “Xalq” Bankının 2010-cu ildən həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır.

Samir Kaçayevin əsərlərinin sərgisi fevral ayının 22-dən mart ayının 20-dək Xalq Bankın “Şamaxı” filialında (Ünvan: Şamaxı şəh., Şəhriyar küç.1) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti