...

Cəmil Quliyev: Mehriban Əliyeva yeni vəzifəsində də böyük nailiyyətlərə imza atacaq

Cəmiyyət Materials 21 Fevral 2017 18:26 (UTC +04:00)
Mehriban xanım Əliyeva yeni vəzifəsində də böyük nailiyyətlərə imza atacaq.
Cəmil Quliyev: Mehriban Əliyeva yeni vəzifəsində də böyük nailiyyətlərə imza atacaq

Bakı. Trend:

Mehriban xanım Əliyeva yeni vəzifəsində də böyük nailiyyətlərə imza atacaq.

Bunu Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev deyib.

C.Quliyev qeyd edib: "Möhtərəm Prezidentimizin Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi haqqında sərəncamını çox yüksək qiymətləndirirəm. Azərbaycanın birinci xanımı uzun illərdir ki, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal rol oynayır. Xüsusən, Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Fondun təşəbbüsü ilə istər ölkədə, istərsə də Azərbaycanın hüdudlarından kənarda bir çox önəmli layihələr, proqramlar həyata keçirilir. Mehriban Əliyevanın Rusiya, Pakistan, İtaliya, Bolqarıstan və digər ölkələrdə gördüyü işlər, atdığı humanist addımlar beynəlxalq səviyyədə də təqdir olunur".

O bildirib ki, Azərbaycan ictimaiyyətinə Heydər Əliyev Fondunun mədəniyyət və incəsənətlə bağlı layihələri yaxından məlumdur. Bu layihələr mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynayır. Birinci xanımın muğam sənətinə olan münasibəti, muğamımızın beynəlxalq müstəviyə çıxarılması məhz Heydər Əliyev Fondu və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün oldu:

"Biz Mehriban xanım Əliyevanın fəaliyyətinin daha mühüm bir istiqamətini də mütləq qeyd etməliyik. Azərbaycanın birinci xanımı xalqlararası dostluq münasibətlərinin inkişafına da ciddi töhfələr verir. Onun Rusiyada, Yunanıstanda, Pakistanda keçirdiyi tədbirlər, Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyət günlərinin təşkilində oynadığı rol dünya dövlətlərinin liderləri və tanınmış ictimai-siyasi xadimlər tərəfindən də qeyd olunur. Mehriban xanımın Pakistan, Fransa, Polşa və digər ölkələrin ali mükafatları ilə təltif olunması onun bu sahədəki xidmətlərinə verilən ən layiqli qiymət kimi dəyərləndirilməlidir".

C.Quliyev vurğulayıb ki, Mehriban Əliyeva həm də əhəmiyyətli humanist addımları ilə seçilən şəxsiyyətlərdən biridir:

"Belə ki, bu günə qədər birinci xanım bir neçə Amnistiya aktının Milli Məclisdə qəbul olunmasının təşəbbüskarı kimi çıxış edib. Mehriban Əliyeva Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi bu sahədə də böyük uğurlara imza atıb. Məhz bunların nəticəsidir ki, Mehriban Əliyeva UNESCO və ISESCO kimi təşkilatların xoşməramlı səfiri seçilib. Azərbaycan ziyalılarından biri kimi mən əminəm ki, Mehriban Əliyeva yeni vəzifəsində də böyük nailiyyətlərə imza atacaq, ona göstərilən etimadı layiqincə doğruldacaq. Bu yolda birinci xanımımıza uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti